AZ

Lənkəranda yeni tikilən körpülərin inşa prosesi ilə bağlı - FOTOLAR

Lənkəran, 5 dekabr, İlkin Adıyev, AZƏRTAC

Ələt–Astara avtomagistralı üzərində yerləşən qəzalı körpülər yenilənir. Magistralın Lənkəran şəhərindən keçən hissəsində istismar müddətini başa vurmuş körpülərin sökülərək yenisi ilə əvəz olunmasına start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti və yenidənqurma işləri səbəbindən magistralın 193-cü və 197-ci kilometrlik hissələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hazırda sürücülərin hər iki istiqamət üzrə istifadə etməsi üçün alternativ yollar təşkil edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hər iki körpü 46 metr uzunluğunda, 14,5 metr enində və bir aşırımlı olmaqla tikilir.

“Körpülər iki hərəkət hissəsindən ibarət olacaq və nəqliyyat axınının təhlükəsiz şəkildə təmin edilməsi məqsədilə bütün texniki tələblər nəzərə alınır. Ələt–Astara magistralının 193-cü kilometrliyində, Lənkəran rayonunun Ürgə kəndi ərazisində, Lənkəran–Liman yolunu birləşdirən və Viravul çayı üzərində yerləşən körpüdə yenidənqurma işləri davam etdirilir. Tikinti müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün ərazidə alternativ yolun fəaliyyəti təmin olunub. Magistralın 197-ci kilometrliyində, Göyşaban kəndi ərazisində yerləşən körpünün yenidən qurulması ilə əlaqədar yolun həmin hissəsi müvəqqəti olaraq bağlanıb. Hazırda layihə çərçivəsində körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay məcrasında istinad divarlarının və mühafizə bəndinin inşası icra olunur. Körpü Girdəni çayı üzərində yerləşir. Hər iki körpüdə hazırda svay bərkitmə və digər konstruktiv işlər aparılır”, - deyə A.Nəcəfli qeyd edib.

 

Seçilən
11
14
azertag.az

10Mənbələr