AZ

Moldova səfiri: Azərbaycanla əməkdaşlıq dinamik və səmərəli şəkildə inkişaf edir  

Moldova ilə Azərbaycan arasında əməkdaşlıq son illərdə davamlı və müsbət dinamika nümayiş etdirərək səmərəli şəkildə inkişaf edir. Əməkdaşlığa, ilk növbədə, enerji və nəqliyyat-logistika sahələri üzrə prioritet verilir. Azərbaycan Orta Dəhliz və Şimal-Cənub marşrutu çərçivəsində getdikcə daha mühüm rol oynayır ki, bu da nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsini hər iki ölkə üçün strateji baxımdan əhəmiyyətli edir.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenko söyləyib.

Diplomat qeyd edib ki, aqrar sahədə də əhəmiyyətli potensial mövcuddur. Moldova yüksəkkeyfiyyətli toxum materiallarının təmin olunması sahəsində zəngin təcrübəyə və geniş imkanlara malikdir. Tarixən kənd təsərrüfatı və şərabçılıq mərkəzi kimi tanınan Qarabağ regionu da daxil olmaqla perspektivli birgə layihələrin həyata keçirilməsi mümkündür.

Humanitar əməkdaşlıqdan danışan səfir fəal mədəni qarşılıqlı əlaqələrin olduğunu vurğulayaraq deyib: “Moldovalı musiqiçilər bir neçə ildir Bakıda keçirilən “International Jazz Festival”a qatılırlar və yeni caz kollektivlərini təqdim edirlər”, - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan diasporunun dəstəyi sayəsində Moldovada rumın şairlərin əsərlərinin Azərbaycan dilinə tərcüməsi üzrə layihələr həyata keçirilir və artıq xeyli sayda kitab nəşr olunub. “Bu, Azərbaycan oxucularının Moldovanın da aid olduğu rumın mədəniyyət məkanının poeziyası və mədəniyyəti ilə daha dərindən tanış olmasına imkan yaradır”, - deyə A.Esaulenko vurğulayıb.

Seçilən
63
1
azerbaijan-news.az

2Mənbələr