Şanlı Zəfərimizdən sonra ard-arda uğurlara imza atan, 8 avqust 2025-ci ildə Vaşiqtonda sülh sənədlərinə Zəngəzuru möhürü vurulandan az sonra sosial şəbəkələrdə yayılan bir xəbər cəmiyyəti silkələdi. Məlumat belə idi: “Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bakı şəhəri Səbail rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib”.
Bu məlumatın ardınca bir məlumat da yayıldı ki, cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyevlə bağlı aparılan istintaq çərçivəsində Əli Kərimli də 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) maddəsi ilə həbs edilib. Məlum olur ki, Əli Kərimli Ramiz Mehdiyevlə birlikdə hərəkət edib. Şübhəsiz ki, Əli Kərimli ilə bir yerdə antimilli fəaliyyət göstərən siyasi əxlaqsız və xəyanətkar Cəmil Həsənli ilə Gültəkin Hacıbəylinin də istintaqa cəlb edilməsi gözlənilməz olmadı.
Bu cinayət işi ilə bağlı yayılan məlumatlardan görünür ki, Prezident Admistrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyev Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən məmur obrazı yaradaraq əsl niyyətini uzun müddət gizlədə bilmişdir. Belə məlum olur ki, o, xarici dövlətlərin müəyyən dairələrinə bağlı siyasi iflasa uğramış AXCP sədri Əli Kərimli, antimilli şuralı Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri vasitəsi ilə ölkədə ictimai-siyasi sabitliyi “nəzarətə götürmüş”, cəmiyyətdə yaranan istənilən gərginliyi və prosesləri mövcud şəraitdə öz maraqlarına uyğun müxtəlif məcralara yönəldərək, idarə etmişdir.
Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın öz müttəfiqlərinin köməyi ilə işğal etdiyi Azərbaycanın 20 % ərazisini azad edib, 30 illik işğala son qoyub, Azərbaycanda erməni separatizminin kökünü birdəfəlik kəsib, dünya erməniliyinə sarsıdıcı siyasi zərbə endirərək onu iflasa uğradıb, Azərbaycan dövlətçiliyi tarixində şanlı Zəfər salnaməsini yazıb, dövlət suverenliyini bərpa edib. Gözlənilən o idi ki, özünü müxalifət adlandıraraq xaricdən gen-bol maaliyə dəstəyi alan, amma Azərbbaycanın milli maraqlarına xidmət etməyən bu insanlar milli həmrəyliyik ideyasını dəstəkləyəcək və bundan sonra öz xalqına, öz dövlətinə xidmət edəcəklər. Bir çoxları bunu etdi və onların bu yanaşmaları cəmiyyət tərəfindən təqdir də edildi.
Lakin AXCP-çilər və "milli şura"çılar Azərbaycan xalqına və dövlətinə qarşı barışmaz mövqedə qaldılar. Deməli, həm də Azərbaycan xalqının tarixi Zəfərini dəstəkləmədilər. Bu tarixi Qələbəyə sevinmək, bundan qürur duymaq əvəzinə müstəqil dövlətin konstitusiya quruluşunu zorla dəyişərək hakimiyyəti ələ keçirmək naminə müstəqil dövlətimizi yenidən xarici dövlətlərdən asılı vəziyyətə salmaq istiqamətində məqsədyönlü fəaliyyət göstərmək ən ağır və bağışlanması mümkün olmayan cinayətdir. Qarabağ Zəfərindən sarsılan, ümidləri puç olan xainlər və onların havadarları ifşa edilirlər və cəzalarını da alacaqlar.
2019-cu ildə ən yüksək dövlət ordeni ilə təltif edildikdən sonra Ramiz Mehdiyev göstərilən etimada görə öz dərin minnətdarlığı bildirdikdən sonra sakitcə istirahətə getməli olduğu halda, qısamüddətli “prezidenliyi” dövründə Azərbaycan Milli Elmlər Akademiyasının nüfuzuna əməlləri ilə ciddi xələl gətirə də bildi.
İllərdir ki, ləyaqət və şərəf hissinin nə olduğunu bilməyən, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini aşağılayan, dövlətin imicini ləkələməyə çalışan, hətta Xocalı soyqırımını törədən erməni faşisitlərə dəstək verməkdən belə çəkinməyən, anti”milli şura”da bir araya gəlib, “Milyarderlər İttifaqına”dan da maaliyələşən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri yalanlar, böhtanlar dolu məktublarını xarici ölkələrdə, dövlətimizə və xalqımıza düşmən mövqedə dayanan təşkilatlarda yaymaqla məşğul olublar. Korrupsiyaya bulaşmış ermənipərəst konqresmən və Avropalı deputatlarla iş birliyi quran bu antimilli ünsürlər xalqının, dövlətinin mənafeyinə uyğun bir dənə də olsun sənədin qəbul edilməsinə çalışmayıblar. Bir milyon yarım qaçqın və məcburi köçkünü olan, vaxtilə 20 % torpaqları Ermənistan tərəfindən işğal edilən müstəqil Azərbaycan Respublikasına qarşı sanksiyalar tələb ediblər ki, xalq da, dövlət çöksün, məhv olsun. Onların düşüncəsi belədir: əgər Azərbaycan xalqı onlara səs vermirsə, hakimiyyəti ələ keçirmələrinə imkan vermirsə, deməli, bu xalq məhv olmalıdır. Budur onların çirkin mahiyyəti!
Azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilən soyqrımlarının beynəlxalq təşkilatlarda qınanması üçün heç nə etməyən, bir milyon yarım azərbaycanlının etnik təmizləmə nəticəsində pozulmuş hüquqlarını müdafiə etməyən, vaxtilə torpaqlarımızın işğaldan azad edilməsi üçün bir addım belə atmayan Əli Kərimli də, Cəmil Həsənli də, sonralar onlarla bir sırada dayanan Gültəkin Hacıbəyli də onlara ayrılan çirkli pullarla təşkil etdikləri mitinqlərdə ölkədə ictimai-siyasi sabitliyi pozmağa, şaiyə və böhtanlarla iqtidarı gözdən salmağa çalışmış və hakimiyyəti zorla ələ keçirmək üçün açıq çağırışlar etmişlər. Bir mərkəzdən idarə olunan bu antimilli qüvvələr demokratiya, insan hüquqlaı pərdəsi arxasında gizlənərək, müstəqilliyimizə, tarixi Zəfərimizə, qəhrəman şəhidlərimizin ruhuna xəyanət ediblər.
İmkan vermək olmaz ki, onlar xarici qüvvələrin dəstəyi ilə müstəqil Azərbaycan dövlətini 1990-1993-cü illərə qaytarsınlar. Prezident İlham Əliyevin cənnətə çevirdiyi və keçmiş məcburi köçkünlərin böyük sevinclə, qurub-yaratmaq arzusu ilə məskunlaşmağa başladığı doğma Qarabağ və Şərqi Zəngəzur yenidən xarabazarlığa çevrilsin.
Xarici ölkələrdən Ermənistana səfər edən ayrı-ayrı şəxslərin erməni revanşistlərlə görüşləri, “Qarabağ məsələsi hələ bitməyib” fikrini erməni cəmiyyətinə ötürmək cəhdlərini, bəzi siyasətçi və siyasi şərhçilərin: “Rusiya Qarabağ səhvini düzəltməlidir, çünki bu, onun Cənubu Qafqazda təsir dairəsinin əsasıdır” kimi sərsəm fikirlər səsləndirməsini, Robert Koçaryan, Serjik Sarkisyan və digər cinayətkarların yenidən Erməstanda siyasi hakimiyyəti ələ keçirmək istiqamətində hərəkətə keçmələrini və Qarabağı müharibə yolu ilə geri alacaqlarına erməni xalqını inandırmaq, Azərbaycanda isə qorxu, vahimə yaratmaq yönündə fəaliyyətlərini təsadüfi hadisə hesab etmək olmaz. Deməli, baş verənlər müvafiq mərkəzlərdən idarə edilən və Azərbaycan dövlətçiliyinə qarşı yönələn məqsədyönlü məkirli planın tərkib hissəsi hesab edilə bilər. Bu planda antimilli ünsürlərin öz yeri var və istintaq bunu müəyyən edəcək.
Azərbaycan hüquqi, demokratik dövlətdir. Bütün əsas insan hüquq və azadlıqları, əhalinin təhlükəsizliyi, ictimai asayiş ölkədə tam təmin edilir. Dövlət hər bir vətəndaşının hüquqlarını qoruyur. Amma heç kim unutmamalıdır ki, hamı qanun qarşısında bərabərdir və qanunların pozulması qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi məsuliyyət yaradır.
Unutmasınlar ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin “Dəmir Yumuruğu” işğalçı Ermənistanın və onun havadarlarının başını necə əzmişdisə, yenidən baş qaldırmağa cəhd edən xəyanətkarların da başını birdəfəlik əzərək tarixin arxivinə atacaq!
Bu gün Qalib Azərbaycan xalqı öz müdirik, Qalib Prezidenti cənab İlham Əliyevin ətrafında daha da sıx birləşib, Onun siyasətini tam dəstəkləyir və müstəqilliyin keşiyindədir! Heç bir qüvvə və heç kim bu birliyi sarsıda bilməz!
Bəxtiyar Əliyev,
Milli Məclisin deputatı