AZ

Kiyev vilayətinə hava zərbələri endirilib, dağıntılar var

Kiyev, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-na keçən gecə Rusiya qoşunları Kiyev vilayətinə hava hücumu həyata keçirib.

AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, gecə boyu Kiyev vilayətinin Fastov, Vışqorod və Buça rayonları Rusiya tərəfindən güclü atəşə tutulub. Üç nəfər yaralanıb.

Fastovda yanğınlar baş verib, dəmiryol vağzalı və avtobazaya ziyan dəyib.

Novi Petrovtsi kəndində pilotsuz uçan aparatların qalıqları 5500 kvadratmetrlik anbarda yanğına səbəb olub. Həmçinin, bu kənddə 3 yük maşını yanıb, yaşayış binası dağılıb, daha 6 evə ziyan dəyib.

Buça rayonunun Nejloviçi kəndində yanğın baş verib və fərdi yaşayış evi yanıb.

Hücumun nəticələrinin aradan qaldırılması üçün səylər davam edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
69
2
azertag.az

3Mənbələr