Elm və təhsil naziri Emin Əmrullayev Tbilisidə Gürcüstanın təhsil, elm və gənclərlə iş üzrə naziri Givi Mikanadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə təhsil, elm və gənclərlə iş sahələrində Gürcüstan–Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Givi Mikanadze azərbaycanlı həmkarına Gürcüstanın təhsil sistemi üzrə son yeniliklər barədə məlumat verib. O, xüsusilə ali təhsil və ümumi təhsil pillələrində planlaşdırılan islahatlara toxunub.
Görüşdə gürcü və azərbaycandilli məktəblərə dərsliklərin vaxtında çatdırılması, etnik azlıqların təhsilə inteqrasiyasının gücləndirilməsi, ali təhsil müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin inkişafı, ADA Universiteti ilə mövcud uğurlu əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri də müzakirə olunub.
Emin Əmrullayev təhsil, elm və gənclər sahələrində yeni birgə layihələrin həyata keçirilməsinə tam hazır olduqlarını bildirib.