2023-cü ildə əmlakın dövlət qeydiyyatı və fərdi çıxarışların verilməsi sahəsində müşahidə olunan yüksəlişin 2024–2025-ci illərdə kəskin şəkildə zəifləməsi mənzil bazarında yeni müzakirələr yaradıb.
Tikinti sektorundakı durğunluq, satışların azalması və bəzi MTK-ların təhvil-təslim proseslərini ləngitməsi nəticəsində həm müraciətlərin sayı, həm də çıxarışların verilmə tempi aşağı düşüb. Dövlət qeydiyyatına alınmamış binalarda yaşayan sakinlərin sənədləşmə ilə bağlı yaşadığı çətinliklər, alternativ yolların olub-olmaması və ləngimələrin yaratdığı hüquqi risklər gündəmdədir. Mütəxəssislər isə bu sahədəki gecikmələrin təkcə texniki deyil, həm də bazar davranışı və idarəetmə boşluqları ilə bağlı olduğunu bildirirlər.
NOCOMMENT.az-a danışan əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı qeyd edir ki, çıxarışların azalması ilk növbədə bazarın ritmi ilə bağlıdır:
“2023-cü ildə tikinti sektoru aktiv idi, çoxsaylı binalar istismara verilirdi və alqı-satqı yüksək idi. 2024–2025-ci illərdə isə həm kreditləşmə zəifləyib, həm də MTK-lar əvvəlki həcmdə bina təhvil vermir. Bu səbəbdən dövlət qeydiyyatına edilən müraciətlərin sayı təbii olaraq azalıb”.

Onun sözlərinə görə, qeydiyyata alınmayan binaların sakinləri üçün çıxarış tamamilə mümkünsüz deyil, lakin proses yalnız MTK-nın lazımi sənədləri təqdim etməsi ilə reallaşa bilər:
“Torpaq sənədi, layihə-smeta və istismar aktı yoxdursa, sakin fərdi qaydada heç nə edə bilməz. Alternativ mexanizmlər yalnız məhkəmə yolu ilə MTK-nı öhdəliklərini yerinə yetirməyə məcbur etməklə mümkündür, başqa bir qısayol yoxdur”.
Ramil Osmanlı çıxarışların gecikməsinin vətəndaşlar üçün yaratdığı risklərin də ciddi olduğunu bildirir. Onun sözlərinə görə, çıxarışı olmayan mənzilin dəyəri aşağı düşür, satış çətinləşir, girov kimi qəbul edilmir və sahibinin maliyyə imkanları məhdudlaşır. Daha təhlükəli tərəfi isə hüquqi məsələdir:
“Sənədləşmə tamamlanmadığı müddətdə mülkiyyət hüququ tam təmin olunmur. MTK-nın borcu, vergi problemi və ya tikinti ilə bağlı hər hansı mübahisə yaranarsa, zərbə birbaşa sakinlərin özünə dəyir”.
Ekspert hesab edir ki, MTK-ların çıxarışı ləngitməsinin qarşısını almaq üçün həm hüquqi, həm inzibati mexanizmlər gücləndirilməlidir.
O bildirir ki, istismar aktının gecikdirilməsinə görə tikinti şirkətlərinə sanksiya tətbiq olunması, müqavilələrdə tələblərin birmənalı şəkildə göstərilməsi və proseslərin elektronlaşdırılmasının sürətləndirilməsi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Osmanlı əlavə edir ki, sənədləşmə məsələsindəki gecikmələr artıq təkcə vətəndaş problemi yox, bazarın sabitliyinə təsir göstərən sistemli faktor kimi dəyərləndirilməlidir və həll mexanizmləri gecikdirilmədən işə salınmalıdır.