
Dekabrın 9-10-da İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin energetika nazirlərinin beşinci toplantısı keçiriləcək.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İstanbulda keçiriləcək görüş çərçivəsində energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar qonaq nazirlərlə ikitərəfli görüşlər keçirəcək, mövcud və potensial əməkdaşlıqları müzakirə edəcək.
Qeyd olunub ki, Türkiyənin ev sahibliyi edəcəyi toplantıda TDT Katibliyi, TDT-yə üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TDT Müşahidəçi Üzvləri Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti iştirak edəcək.
Məlumata görə, türk dövlətləri çətiri altında enerji əməkdaşlığının inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Daşqın HəsənovMissiya.Az