"Müəllimlərlə bağlı serifikatlaşdırma prosesində, təxminən, 8 minə yaxın müəllimin fəaliyyətinə öz peşəsinə uyğun olmadığına görə xitam vermişik. Onlardan 5500-dən çoxu yuxarı sinif, 1000-dən çoxu isə ibtidai təhsil üzrə müəllimlərdir".
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.
“Dilin tədrisi ilə bağlı ayrı-ayrı yaş və öyrənmə xüsusiyyətlərini nəzərə almaqla, onların öyrənmə keyfiyyətlərini nəzərə alan tədqiqat yoxdur. "Hansı çalışmalarla uşaq daha çox öyrənir” sualı dərindən tədqiq olunmur”, - nazir bildirib.
Nazir qeyd edib ki, Azərbaycan dili və ədəbiyyat ixtisasına gələn müəllimlərin sayında artım müşahidə olunur: “Son illər 411-dən çox abituriyent 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib. Bizim də prioritetimiz müəllimlik ixtisasının balını qaldırıb savadlı kadrların yetişməsinə imkan yaratmaqdır”.
Emin Əmrullayev əlavə edib ki, bu gün təhsildə Azərbaycan dili ilə bağlı əsas üç məqam - məzmun, müəllim və qiymətləndirmə əsasdır.
“Bizim yanaşmamız odan ibarətdir ki, dil ilə bağlı ayrı-ayrı tədqiqatlara əsaslanan müzakirələrə önəm verək. Bu istiqamətdə ənənəvi Azərbaycan dili tədrisi ilə bugünkü müasir məzmun arasında ciddi fərqlər və problemlər var. Burada Azərbaycan dilinin tədrisi zamanı dinləmə, danışmma, oxu-yazı qaydalarının düzgün tədrisindən danışırıq. Müxtəlif maraqları təmsil edən insanlar tərəfindən 6-7 yaşlı uşağın üzərinə dil ilə bağlı ağır öhdəliklər qoyuruq. Bunun üçün düzgün mütəxəssislərə və metodikaya ehtiyac var. Azərbaycandilli məktəblərimizlə yanaşı tədrisi digər dillərdə olan məktəblərdə də Azərbaycan dilinin yaxşı mənimsənilməsi prioritetdir. Bunun üçün çıxış yolu Azərbaycan dili fənlərinin saatlarının artırılmasıdır. Həmçinin Azərbaycan tarixi fənninin də tədrisinə xüsusi önəm verilir”, - nazir bildirib.