AZ

O, məni sözün əsl mənasında qaragüruhçuların əlindən xilas etdi Elmira Axundova yazır

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elmira AXUNDOVA Xalq yazıçısı

Elmira Axundovanın Xalq yazıçısı Mövlud Süleymanlının sözləri əsasında qələmə aldığı əhvalatlar

Gizli təşkilat

"Bu gün Azərbaycanda 60-cı illər sərbəstliyindən, milli oyanısdan, azadlıq duyğularının artmasından söz açanlar var.

Haqlıdırlar... Altmışıncı illər o biri onilliklərə bənzəməz. Dərindən izləyib araşdırsaq, demək olar ki, əksər sahələrdə özünə qayıdış, özünü anlamağın, ədəbi proseslərdəki sətiraltı mənaların, yeni ab-havanın yarandığını görərik. Artıq Bakı küçələrində daha arxayın və daha canlı eşidilən Azərbaycan dilinə münasibət dəyişirdi.

İndi DTK qorxusunu unudan müəllimlərimiz auditoriyalarda milli mənliyimizdən, azadlıq duyğularından danışmağa özlərində cürət tapmışdılar. Tələbələrin, ümumiyyətlə, ziyalılarımızın birliyini, görüşlərini təmin edən çayxanalar aşıb-daşmaqdaydı... Ordan-burdan etiraz səsləri eşidilməyə başlamışdı hətta.

Doğrudur, bu ab-hava bütün SSRİ miqyasında hiss olunmaqdaydı. Amma heç kəsə sirr deyil ki, Azərbaycana bu ittifaqda, yəni o biri respublikalardan seçilən xüsusi baxış və nəzarət vardı. Adətən DTK-ya Azərbaycan xalqına yad münasibətilə seçilən insanları götürürdülər.

60-cı illərdə bu münasibət və tənasüb nisbətən dəyişmişdi...

Mən bunun səbəbini çox sonralar anlaya bildim...

DTK divarları arasından yayılan qadağalar, yasaqlar, qanlar-qadalar xofu-qorxusu səngimişdi... Elə bil kimsə qapını, pəncərələri aralamışdı, cəmiyyətin düşüncəsinə təmiz hava sızmağa basla-mışdı.

Bu hava 60-cı illərin tələbə mühitinə öz təsirini daha tez göstərdi...

Cənubi Azərbaycan mövzusu qəzet səhifələrində görünürdü artıq, Azadlıq, İstiqlaliyyət sətiraltı mənalarla xatırlanırdı...

Əsas, düşüncələrə işığın düşməsi idi. Əsas o idi ki, toxum atılsın, atıldısa, cücərməli idi. Belə də oldu...

1963-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin II kurs tələbəsiydim. Əksəriyyətimiz rayon və kəndlərdən gəlmişdik.

Yadımda deyil, necə seçildik, bir-birimizi necə anladıq. Günlərin birində ADU-nun 4 nömrəli yataqxanasının bir gizli guşəsinə yığışdıq... Hələlik, adsız bir təşkilatın bünövrəsi qoyuldu.

İlk növbədə Güney Azərbaycan məsələsi idi. Çıxış yolları araşdırıldı, daha doğrusu, ümidsizliyi qırmaq, Azadlıq ruhunda böyümək, bir-bir, iki-iki olsa da, artıb çoxalmaq üçün addım atmaq, təməl daşı qoymaq. Bir olmağın, birləşməyin əhəmiyyətini və Azadlığın nə olduğunu anlayıb, anlatmaq.

Yəni bu taydan o taya gözləri yaşara-yaşara şeir yazmaq, ağlayıb sızlamaq bəsdir, iş görmək lazımdır.

İkinci məsələ, çox sadəlövh görünsə də, Sovet İttifaqının tərkibindən çıxmaqdan ibarət idi...

Günün müəyyən vaxtlarında, müəyyən yerlərdə yığışmağa başladıq, təxminən bir-iki aydan sonra hərə öz proqramını hazırladı. Nə isə, hələlik planlar tökülür, müzakirələr, mübahisələr aparılırdı.

Bir il təşkilatlandıqdan sonra o zaman müəllimimiz olan Bəxtiyar Vahabzadənin yanına getdik.

Universitetin uzun dəhlizində Bəxtiyar müəllimin başına yığışmışdıq. Çox həyəcanlanmışdı.

- Bura gəlin, - Bəxtiyar müəllim belə deyib, bizi boş auditoriyaya apardı. O vaxt onun hər sözü, hər addımı göz qabağındaydı, daha doğrusu, göz qabağında olmalıydı.

Bir neçə dəqiqə heç kəs dinmədi. Bəxtiyar müəllim başını aşağı salıb susmuşdu.

Elə bildik ağlayır...

Başını qaldırdı, doğrudan da gözləri nəmli idi.

- Zindanlarda çürüyərsiniz, - dedi. - Məsləhət görmürəm. Neyləmək olar. Şərait yetişsin gərək...

Bəxtiyar müəllimi bir daha narahat etmədik.

Bir il də keçdi. 1964-cü ilin sentyabr ayında DTK gizlin fəaliyyətimizdən xəbər tutdu.

1964-cü ilin payızı idi. Universitetin Yasamalda yerləşən yataqxanasında səhər tezdən qapımız döyüldü, tanımadığımız adamlar içəri girdilər.

- Balakişiyev kimdir?

- Mənəm, - dedim.

- Gəl!

Məni araya aldılar, pilləkəni endik... Jurnalistika fakültəsinin tələbəsi Hüseyni də mənim kimi araya alıb aparırdılar. İki qara maşın dayanmışdı, hərəmizi bir maşına qoyub apardılar.

Hara getdiyimizi bilirdim. Keçən həftə yoldaşlarımızdan bir neçəsini aparmışdılar. Gedib qayıdanlar artıq bizə yaxınlaşmırdılar. Münasibətlər kəsilmişdi, ətrafda anlaşılmaz dərin vahimə hökm sürürdü.

Səhər tezdəndən qaranlıq düşənəcən məni müxtəlif otaqlarda dindirdilər.

Qaranlıq çökmüşdü, saat 9-10 radələriydi. Uzun, alaqaranlıq dəhliz boyu dolana-dolana xeyli getdik (bəlkə də mənə belə gəlirdi), bir otağın qapısı ağzında dayandıq. Qapını ehtiyatla və ehmalca açıb məni içəri saldılar. Qapının ağzında dayanıb otağa göz gəzdirdim, fikrimdə-düşüncəmdə heç nə yox idi.

Çox güclü, şaqraq gülüş səsinə özümə gəldim. Otaq çox böyükdü, yuxarı başda saçlarını arxaya daramış, enlikürəkli bir adam oturmuşdu.

- Yaxın gəl..!

Bir neçə addım atıb yenə dayandım.

- Yaxın gəl..!

Stolun üstündə iri vazada alma qoyulmuşdu. Yaxınlaşdım.

- Alma ye!

- Yemirəm, - dedim dodağımın altında.

- Otur görüm! - Səs dəyişmişdi. Elə zəhmli idi ki, elə bil məni divara çırpdılar.

Qorxa-qorxa başımı qaldırıb baxdım. Elin-obanın "komissar" dediyi əmimi xatırladım, kövrəldim... Burdan çıxıb qurtaracağıma inanmırdım, ümidim üzülmüşdü artıq.

- Neynəmisiz?

Susmuşdum...

- Düzünü de görüm, neynəyibsiz!

- Heç nə, - dedim. - Yığışıb Cənubi Azərbaycan haqda danışmışıq.

- Cənubi Azərbaycanın nəyindən danışmısız? Tanıyırsız Cənubi Azərbaycanı?!

Dinmədim.

- Sonra neynəmisiz?

- Heç nə...

- Onsuz da məlumdur hər şey... Keçini keçi ayağından, qoyunu qoyun ayağından asacayıq.

Sözə başımı qaldırdım, çoxdandır bu məsəli eşitmirdim.

- Hardansan, danışığından bir şey ayırd edəmmədim.

Hardan olduğumu dedim...

Bir az ara verdi, bu səssizliyi anlamaq üçün başımı qaldırdım... Mənə baxırdı... O vaxtdan qırx il keçib, mən o baxışları bütün dərinliyiylə indi də xatırlayıram. Bayaq sərtliyinə, zəhminə tab gətirmək mümkün olmayan göyümsov, daha çox yaşıla çalan gözlərində doğmalıq hiss olunurdu.

- Kimin var sənin?

- Atam davadan qayıtmayıb, anam var.

- Harda işləyir anan?

- Kolxozda...

- Sizə zəhmət çəkənlərin əməyini itirməyin, təhsil alın, biliyinizi artırın. Ağıllı, bilikli gəncliyə xalqın indi daha böyük ehtiyacı var. Sən bilirsənmi, başqa vaxt olsaydı, sizin başınıza nə oyun açardılar? Güllələyərdilər... hamınızı!

Mən artıq özümə gəlmişdim, olanları, olacaqları anlayırdım. Başladığımız işin belə uşaqcasına qırıldığının göynərtisi yenidən oyansa da, bu doğma adamın hissləri, duyğuları qarşısında baxa-baxa qalmışdım.

- Mənim bu sözümü unutmayın, bunu mən sizin hamınıza demişəm. Ağlınızı başınıza yığın, bu xalqa, bu millətə xeyir verin, elmini ucaldın, tarixini yazın. Rus dilini öyrənin, başqa dillərə yiyələnin. Nə elədiyinizdən xəbərimiz var. Bilmirsiz ki, bu işin ziyandan başqa bir xeyri olmayacaq?! İndi Moskva nəticəsini soruşacaq bizdən! Hamısını eşidiblər, bilirlər. Amma mən sizi Moskvaya verməyəcəyəm. Bunun nə demək olduğunu anlayırsızmı?!

O vaxtdan qırx il keçib. Mən o görüşü həmişə xatırlamışam. Bərkə-boşa düşdükcə, yaxını-uzağı dərk etdikcə bunun "nə demək olduğunu" anlamışam...

Azərbaycan dili haqqında

1969-cu ildə Heydər Əliyevin KP MK-nın birinci katibi seçilməsi milli hərəkatla bağlı proseslərə təkan verdi. Nəhayət, xalq öz səsini ən yüksək tribunalardan eşitməyə başladı. Respublikanın birinci şəxsi onun milli hisslərini, ülvi niyyətlərini ifadə edirdi, üstəlik, onun doğma dilində gözəl danışırdı ki, bu da bizim yerli ziyalılarımızın təəccübünə və heyrətinə səbəb olurdu.

Xatırlayıram ki, 70-ci illərin ortalarında Novruz bayramı ərəfəsində Şıx çimərliyinin ətrafında parkın təməlinin qoyulmasında iştirak etmək üçün bütün şəhər iməciliyə çıxmışdı. Yazıçılar İttifaqının öz sahəsi vardı, orada ədəbiyyatçılar hamılıqla ağac əkirdilər. Heydər Əliyev gələcək parkın ərazisini gəzir, insanlarla söhbətləşirdi. Nəhayət, yaradıcı ziyalıların nümayəndələrinə yaxınlaşdı.

O, həmişəki kimi sadə və səmimi idi, ağsaqqallarla zarafatlaşır, gənc yazarlarla maraqlanırdı.

Şair Qabil burada da öz səmimiyyəti ilə seçildi:

- Yoldaş Əliyev, Siz azərbaycanca necə gözəl danışırsınız!

Heydər Əliyev astaca güldü:

- Qabil, qəribədir, sən mənim rus dilini yaxşı bilməyimə təəccüblənmirsən, azərbaycanca danışmağıma heyrətlənirsən. Axı bu, mənim ana dilimdir və onu bilmək mənim üçün vacibdir. Özü də təkcə mənim üçün yox, hamımız üçün...

Onun bu sözləri alqışlarla qarşılandı. Ancaq iş bununla bitmədi. Ana dilini bilmək zərurəti barədə respublika liderinin sözləri tezliklə Azərbaycanın bütün guşələrinə yayıldı və Azərbaycan dilinə mühafizəkarlıqla yanaşan məmurları düşünməyə vadar etdi. Heydər Əliyevin adicə iməcilikdə dediyi sözlər, ümumiyyətlə, onun bu istiqamətdəki fəaliyyəti cəmiyyətdə o vaxtadək doğma dilə hakim olan soyuq münasibəti dəyişdi.

...Rəhmətlik Rəsul Rza danışırdı ki, Heydər Əliyevin qəbulunda oldum. Novruz bayramıyla bağlı fikirlərimi  bildirdim. Mənə dedi: "Rəsul müəllim, gəlin gedək bizim evə, görək Novruz bayramını siz yaxşı keçirirsiniz, yoxsa biz. Əgər bizim ziyalılarımız Novruz bayramını mənim tapşırığımla keçirəcəklərsə, bu, heç də yaxşı deyil... Qoy ürəkləri istədikləri şəkildə keçirsinlər".

O zaman 70-ci illərin əvvəlləri idi, bu söz də dildən-dilə düşdü...

Yaz bayramımız öz səmənisi ilə evlərimizdən bayıra çıxdı, yaxınlı-uzaqlı yurdumuzu dolaşdı.

Yazıçılarla münasibətlər

1976-cı ildə Azərbaycan yazıçılarının VI qurultayı keçirilirdi; Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev şəxsən təşrif buyurmuşdu. Bu, mənim və gənc qələm yoldaşlarımın iştirak etdiyi ilk qurultay idi.

Heydər Əliyev öz çıxışı zamanı Süleyman Rüstəm və Azərbaycan ədəbiyyatının digər ağsaqqallarının əyləşdiyi rəyasət heyətinə üz tutub soruşdu:

- Süleyman müəllim, mən hələ orta məktəbdə təhsil alarkən dərsliklərdə şeirlərinizi oxuyurdum. O vaxtdan yarım əsr keçib, dərsliklərdə yenə sizin şeirlərinizdi. Bu, çox yaxşıdır. Bəs bu yarım əsr ərzində məgər bircə nəfər də cavan şair çıxmayıb? Bəs cavanlar hanı?!

İndiyədək "birinci"nin bu sözlərini qarşılayan gurultulu alqışlar qulağımda səslənir.

VI qurultayda, digər məsələlərlə yanaşı, böyük Füzulinin nəşini uzaq Kərbəladan Azərbaycana gətirib tarixi vətən torpağına tapşırmaq təklifi qızğın müzakirələrə səbəb olmuşdu. Çoxları, yəqin ki, Heydər Əliyevin sözlərini xatırlayır:

- Siz istəyirsiniz bu məsələni mən qaldırım. Ancaq bilin ki, elə şeylər var, mənə qədər həll olunmalıdır. Siz öz tərəfinizdən bu istəyinizi, arzunuzu bildirsəniz, daha yaxşı olar. Çünki mən bunu etsəm, hallandıracaqlar, mənalandıracaqlar, ona başqa rəng verənlər olacaq...

Zaman bu sözlərin həqiqət olduğunu təsdiqlədi. Elə Heydər Əliyevin həmin günlərdə Yazıçıların Qurultayda dediyi bir çox başqa sözlər kimi.

70-ci illərin ikinci yarısında respublika Yazıçılar İttifaqının dəvətilə Bakıya gələn gürcü şair-tərcüməçi Zezva Medulaşvili ilə görüşümü, ünsiyyətimi xatırlayıram. Mənə tapşırmışdılar ki, qonağı Azərbaycan paytaxtının görməli-görklü yerləri ilə tanış edim. Zezva Azərbaycan xalq nağıllarını, "Koroğlu" dastanını gürcü dilinə tərcümə edirdi, Azərbaycan dilini də, erməni dilini də yaxşı bilirdi.

İçərişəhəri dolaşdıq, Dağüstü parkdan Bakını seyr etdik... Bakı doğrudan da bir neçə ilin içərisində dəyişmişdi...

Qonaq baxdı-baxdı, gözləmədiyim halda dedi:

- Bilirsiniz siz niyə belə sürətlə inkişaf edirsiniz?!

- İnkişaf edirik ki bəyəm?! - təəccübümü gizlədə bilmədim.

- Siz görməsəniz də, böyük inkişaf mərhələsi keçirirsiniz, - dedi. - Uzaqdan hər şey yaxşı görünür.

- Bəs inkişafımızın səbəbi nədir? - soruşdum.

- Sizin birinci katibiniz millətçidir, budur səbəb.

Dedim:

- Hörmətli Zezo, hamı sizə millətçi deyir, sizsə...

Dedi:

- Hamının millətçi olmağı başqa şeydir. Bir də ki, bizimkilər ancaq danışarlar, iş görməzlər. Sizinki isə danışır, amma dilindəki işi yox, ürəyindəki işi görür.

Bu söz gözlənilməz olsa da, mən fəxr etdim və qürur duydum...

Biz çox vaxt uzaqların - qonşuların belə yaxşı gördüyü həqiqəti görmək istəmirik. Ancaq görməmək mümkün deyil, sadəcə görüb göz yumuruq...

...Əbülfəz Elçibəyin bir söhbətini xatırlayıram: "Türkiyə radiosunu dinləyirdim, veriliş Heydər Əliyevə həsr olunmuşdu, jurnalist belə bir cümlə işlətdi: "Azərbaycanda doğulmuş türk çocuğu Heydər Əliyev Kremli fəth edir". Sonra əlavə elədi: "XX əsrdə türk dünyası iki böyük şəxsiyyət yetirib: Mustafa Kamal Atatürk və Heydər Əliyev..."

Rayona səfər

70-ci illərin sonunda Bərdədə Heydər Əliyevin iştirakı ilə zona müşavirəsi keçirilirdi. Yazıçılar İttifaqından da başda birinci katib İmran Qasımov olmaqla bir dəstə rayona yollandı. Mən də onların arasında idim.

Hər yerdə qayda-qanun, işgüzar ab-hava, səliqə-sahman duyulurdu. Heydər Əliyev o qədər qayğının içində bizi də yaddan çıxarmırdı. Günün axırında o, Bərdə rayon partiya komitəsinin birinci katibinə müraciətlə dedi:

- Səfərəliyev, yazıçılarla özün məşğul ol!

Hazırda yaşları 60-ı ötmüş və Azərbaycanın ədəbi ictimaiyyətində layiqli yer tutmuş həmkarlarımın çoxu ürəklərində o günlərin xoş xatirələrini yaşadırlar.

- İmran müəllim, məni gənc yazıçılarla tanış elə!

Kimin yadından çıxıbsa, bu o vaxtlar idi ki, qeyri-rəsmi də olsa, əsərlərin altında milli soyadlar və ya ləqəblərlə imza atmaq qadağan olunmuşdu. Partiya senzorları altında "oğlu", "xanlı", "lı-li" ilə bitən imzaların şeir və ya hekayəsini çapa buraxmamağa çalışırdılar.

Aramızdan biri durub özünü təqdim etdi:

- Nüsrət Kəsəmənli.

Onu da deyim ki, qabaqcadan hazırlanmamış həmin görüşdə başqa respublikalardan olan qonaqlar, jurnalistlər, televiziya işçiləri də iştirak edirdilər. Onlar gözlərini maraqla Nüsrətə dikmişdilər. Bir neçə dəqiqəlik sükutdan sonra Heydər Əliyev şairin soyadını təkrarladı:

- Deməli, Kəsəmənli... Kəsəmənli nə deməkdir?

- Kəndimizin adıdır.

- Yaxşı, Kəsəmənli...

Biz bir sırada oturmuşduq. Ondan sonra Sabir Rüstəmxanlı ayağa qalxdı.

- Sabir Rüstəmxanlı!

Heydər Əliyev onun da soyadını təkrar etdi.

- Deməli, Rüstəmxanlı.

Görüşdə bizim milli soyadlarını və ya ləqəbləri qanuniləşdirmək cəhdlərimizə var qüvvələri ilə müqavimət göstərən partiya kahinləri də iştirak edirdi. Çoxlarını üzdən tanıyırdıq. Hiss olunurdu ki, baş verənlər onların ürəyincədir. Onlar açıq-aşkar gözləyirdilər ki, birinci katib bu azadfikirliliyə son qoyacaq və yazıçılara mətbuatda bu cür soyadlardan istifadə etməmək barədə xəbərdarlıq edəcək. Hamı gərginliklə qulaqburması gözləyirdi.

- Siyavuş Sərxanlı.

Heydər Əliyev gülümsündü:

- Belə. Sərxanlı - xanlı!

Mənim də növbəm çatdı:

- Mövlud Süleymanlı.

- Sağ ol. Əyləş!

Bu səfərdən bir qədər keçəndən sonra İmran Qasımov bizi öz kabinetinə yığdı.

- Mən sizi Heydər Əliyevin tapşırığı ilə yığmışam. Onun dediklərini sizə çatdırmaq istəyirəm. O, sizə qayğı göstərməyi və problemlərinizi həll etməyi mənə tapşırıb. Sizin haqqınızda "yaxşı uşaqlardır" dedi.

Həqiqətən də, o dövrdə gənc, istedadlı şair və yazıçıların çoxu öz məişət problemlərini həll etdilər: kiməsə mənzil, kiməsə maşın verildi, bəzilərini də işlə təmin etdilər. Təkcə yaradıcılıqla məşğul olmaq qalırdı...

Biz böyük ruh yüksəkliyi və məmnunluq hissi ilə yazıb-yaradırdıq. Həm də başa düşürdük ki, yeni ab-hava yeni ədəbi təfəkkür, düşüncə tərzi, yeni üslub və yanaşma tələb edir.

"Dəyirman" əsəri haqqında

"Dəyirman" adlı povestim çap olunduqdan sonra baş vermiş qalmaqallı əhvalatı da xatırlamaq istərdim.

Bu əsər 1979-cu ildə "Azərbaycan" jurnalında dərc edilmiş və dərhal hücum hədəfinə çevrilmişdi. Bəziləri hətta onu antisovet əsər adlandırırdı. "Yuxarı"ya məktublar, siqnallar axırdı. Həmin ilin payızında Azərbaycan Yazıçılar İttifaqında "Dəyirman"ın daha çox divanxananı xatırladan müzakirəsi keçirildi.

Ədəbi mühafizəkarlar və irticaçılar mənə qarşı çox aqressiv idilər. Amma diqqəti buna tuşlamaq istəmirəm. O adamlardan söhbət gedəcək ki, həmin çətin aylarda mənə arxa durdular, tab gətirməyimə, sınmamağıma yardımçı oldular.

..."Dəyirman" ətrafında qalmaqal qızışırdı. Moskvaya teleqramlar axışdı, nəticədə bütün kitablarım, həm Azərbaycan, həm Rusiya nəşriyyatlarında planlardan çıxarıldı. Mən hiss eləyirdim ki, halqa daralır... Belə ağır günlərin birində İmran Qasımov - gəncləri sevən mütərəqqi düşüncəli bu insan məni və "Azərbaycan" jurnalının baş redaktoru Əkrəm Əylislini öz kabinetinə çağırdı: 

- Yoldaş Əliyev mənimlə telefon bağlantısında oldu, - dedi. - Soruşdu bu nə "Dəyirman"dır ki, hamı elə onun söhbətini eləyir. Mən qısaca əsər haqqında ona öz rəyimi söylədim. Jurnalı ona göndərməyi xahiş etdi. Mən də "Azərbaycan"ı Mərkəzi Komitəyə göndərdim. Bu gün yoldaş Əliyev yenidən zəng vurub öz münasibətini bildirdi. Yeri gəlmişkən, povesti akademik Həsən Əliyev də (Heydər Əliyevin böyük qardaşı. - E.A.) oxuyub, Heydər Əliyev onun da fikrini mənə çatdırdı. Birinci katib dedi ki, povest istedadla yazılıb, müəllifi lüzumsuz hücumlardan qorumaq gərəkdir: "Yeganə istənilən odur ki, cavan yazıçının həyata baxışlarını, dünyagörüşünü bir qədər səhihləşdirmək lazımdır. O, başa düşməlidir ki, bizim varlığımızda yalnız qaranlıq deyil, işıqlı cəhətlər də var..."

Bu söhbətdən sonra mən dərhal hiss elədim ki, nəsə dəyişib. Hər halda irticaçıların hücumları xeyli səngimişdi. Mən yenə də nəfəs ala, yaza bilirdim.

Sonralar öyrəndim ki, opponentlərim Heydər Əliyevin özünün qəbulunda olublar. Onlardan biri özü mənə söyləmişdi:

- Əlimizdə "Dəyirman" povesti Heydər Əliyevin kabinetinə daxil olduq.

-  Nə baş verib? - soruşdu.

- Yoldaş Əliyev, bu povestdə bizim quruluşa böhtan, qarayaxma var, ağır və yolverilməz söyüşlər var!

- Nə söyüşlər? - MK-nın birinci katibi maraqlanır.

Onlar isə "ədəbsiz" yerlərin altından qırmızı xətt çəkmişdilər. Və eləmə tənbəllik, müəllifin neçə dəfə söyüş ifadələri işlətdiyini hesablamışdılar: 73 dəfə!

Heydər Əliyev jurnalı vərəqləyir, altından qırmızı xətt çəkilmiş yerlərdən bəzilərini oxuyub birdən qəhqəhə çəkir:

- Ay yoldaşlar, belə halda rus xalqı çoxdan Şoloxovu məhkəməyə verməliydi...

Bax belə... Heydər Əliyev məni sözün əsl mənasında  qaragüruhçuların əlindən xilas etdi.

Nihilist tənqidin dəmir caynaqlarından xilas olandan sonra mən bir-birinin ardınca romanlar yazdım. Səmimi olmağa və vicdanımın səsini dinləməyə çalışırdım. Və bütün bunlara, eyni zamanda iki dəfə başdan (sıfırdan) yaratdığı Azərbaycana olan sonsuz məhəbbətinə görə mən Heydər Əliyevə minnətdaram.

Həqiqət budur ki, yüksək dağları yaxın məsafədən gözlə qiymətləndirmək olmur. İllər, yüzilliklər keçəcək və o, daha da yüksəyə qalxacaq və daha əzəmətli görünəcək. Tarix bütün dövrlərdə onu xatırlayacaq və Heydər Əliyev barədə ən Vacib, Əbədi sözünü deyəcək...

Bakı, 2007.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
525.az

1Mənbələr