AZ

Öz taleyini özün seçməliydin, Müşfiq əfəndi! İlkin Özün yeni şeirləri

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kulis.az İlkin Özün yeni şeirlərini təqdim edir.

Hərdəmxəyal silsiləsi

II-hissə

Əbədiyyət naminə

"Titanik" filmi canlı orkestrin müşayiəti ilə təqdim ediləcək

Kommunizmi sufi təliminə dəyişən yazıçı - O, Nobel mükafatını niyə “lənətli fəlakət” adlandırmışdı?

Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlandı

Aqşin Yeniseyə

Sonu olan heç nə

Diqqətə layiq deyil, məncə!

Tutaq ki, “əbədi” və “həyat” kəlməsi

Yanaşı işlənsə idi:

Nə çalardı kilsə zəngi,

Nə ziyarət edərdi bir kəs

Öz müqəddəs məbədini...

“Məbədin sükutu”, əslində,

İnsanlığın süqutu deyilmi?

Hərdən xatırlayanda

Nə vaxtsa öləcəyimizi

Başımı bulayıb gülürəm.

Sonra isə fikirləşirəm:

Ölüm ömrün ironiyası

deyilmi?

Şair demişkən,

“Heç tanımadığım bir ölümün

əyninə biçilmiş bədən”.

Fəqət düşündüyün qədər

sadə olmur həsrət.

“Yaşamaq” və “ölmək”

arasındakı tikanlı sərhəd.

Ən nəhayət,

hər şeyin sonu həsrət deyilmi?

Əbədi olmayan heç nə

Heç kəsə lazım deyil, şair!

Bunu məndən də yaxşı bilirsən.

Hətta, yəqin, tək qalanda,

Əbədiyyət naminə

Xəlvətcə tanrıya dua da edirsən...

Müşfiq üçün təsəlli

Açığı, Müşfiq Əfəndi,

Diktatorların qaranlıq düşüncələri

sənə də əyan idi.

Bilirdin ki, gec-tez ya Nəsimitək dərin

üzülməli,

Ya da cansız bədəninin amansız

Xəzərin dərinlərində

Üzməli idi...

Əslində, öz taleyini özün seçməliydin,

Müşfiq əfəndi.

Onsuz da, arzun, məqsədin, gileyin

onlara maraqlı deyildi!

Onsuz da, qaranlıq işığın var olmadığı

yerə deyilir.

Fəqət fikir eləmə,

salma ürəyinə çox şeyi.

bir gün günəşin qızıl şəfəqləri

Qırmızı-qaranlığın gözünü tutdu,

üzünə duranları tarix özü də unutdu!

Qış

Qış fəsli...

bir fəsildən daha ötəsi,

təbiətin yer üzündəki təntənəsi.

suyun həndəsi möcüzəsi

Qış fəsli...

oxuduğum romanın yeni fəsli,

eşikdə Tanrının soyuq nəfəsi

Və yanan ocağın çartıltılı səsi...

Nostalgiya

Sonuncu elegiya

Keçmiş yox,

köhnə xatirələrçün

darıxırıq bəzən.

Ax, nə xoşbəxtmişik

keçən ilki dünən...

Adını bilmədiyimiz bütün illüziyaları

“nostalgiya” – adlandırırıq

Heyif, xoşbəxtliyi

fərqli-fərqli ünvanda axtarırıq.

Əslində, o yox idi və

heç vaxt da olmamışdı.

Əslində, dünən də xoşbəxt deyildik,

elə bu gün də...

Sadəcə dünən daha yaxşı idik

bu gündən...

Ey, sən!

Qorxutma, məni getməklə...

Qorxutma, məni gözdən itməklə...

Onsuz hamı getdi tərk edilmiş şəhərə...

Heç sən də gəlmə.

... nə nostalgiya ol,

nə də keçmişimə zəhər qat!

Əgər haçansa gələsən,

mənə bir qutu siqaret al...

Yaddaş pozğunluğu

Afrodita... Afrodita...

Düzü, səni belə xatırlayıram.

Deyəsən, axırıncı sözün,

“məni unutma” idi...

Eləmi?

Nə yalan deyim, indi səni

heç bir hüceyrəm tanımaq istəmir...

Eşidirsən?!

Sən heç kimsən!

Boz, mənasız və maraqsız

keçmişimsən...

Bəs harada ölmüsən?

Hərgah yaşamağın belə

heç nəyi dəyişmir ki,

Sovet filmi kimi bir şeysən...

“Quql foto”lar olmasa,

Yadıma da düşən deyilsən...

Tək amil

Əvvəl daşı olana

təlabat vardı;

sonra misi olana,

daha sonra dəmiri olana,

indi qəşəng “səs”i olana...

Sentimentalizm

Doğrusu, budur:

bizə şükür etməyi öyrədən

Cəmiyyət

ac ölməyimizi görüb

orqazm olur.

Müqayisə aparır, çək-çevir edir,

halımıza baxıb Allaha şükür edir...

Balıqçı ilə söhbət

Mənə qayğılarından yox,

Uçan qağayılardan danış.

Ətdən dövlət

Uşaqlıq – özülü;

Cavanlıq – yüksəliş

dövrü;

Qocalıq – tənəzzülü...

Uğursuz təzad

Yaşlı adam əlindəki kağızla

əlitelefonlu,

balaca uşağa yaxınlaşdı:

"Bala, poçt qutusu haradadı?"

Uşaq elektron poçtunu açdı...

Səkkizinci möcüzə

Hələ

kəşf edilməməmiş

ulduzlar,

planetlər,

dənizlər,

ölkələr var...

Hərçənd, onları üzə çıxarmaq

marağında deyilik.

Düzü, “səkkizinci möcüzə”ni

istəyirik.

Elə buradan izləyirik:

İlahi, onu da göstər.

Göstər böyüklüyünü...

"Titanik" filmi canlı orkestrin müşayiəti ilə təqdim ediləcək

Kommunizmi sufi təliminə dəyişən yazıçı - O, Nobel mükafatını niyə “lənətli fəlakət” adlandırmışdı?

Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlandı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
1
kulis.az

2Mənbələr