AZ

Taksi sürücüləri üçün növbəti test imtahanı keçiriləcək

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün dekabrın 9-da növbəti imtahan keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 1704 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50), Bərdə regional bölməsində (Bərdə ş.,H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahan bir saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. İmtahana gələrkən buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etmək lazımdır. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.

“Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
21
azertag.az

10Mənbələr