“Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit zəmin yaranıb. Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində bu istiqamətdə ciddi nəticələr əldə edilib. Vətən müharibəsindən sonra yaranan reallıqlar ölkəmizin yalnız hərbi üstünlüyün deyil, həm də siyasi gücünün ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı etimadın əsaslarını müəyyənləşdirir”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, hazırda Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad quruculuğu yönündə işlər davam edir. Çünki bu, dayanıqlı sülh üçün mühüm şərtdir. Postmüharibə dövründə Azərbaycan qalib tərəf olmasına rəğmən, heç bir ilkin şərt irəli sürmədən, beynəlxalq prinsiplərdən çıxış etməklə sülh təşəbbüsünü irəli sürüb və daim sülh gündəliyinə dəyişməz sadiqlik nümayiş etdirib. Avqustun 8-də isə Vaşinqtonda, Ağ Evdə möhtəşəm bir tarix yazıldı. Ağ Evdə imzalanan sənədlər, ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlətimizin başçısına göstərilən xüsusi ehtiram Azərbaycan diplomatiyasının növbəti uğuru oldu.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti və xalqı müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmindədir. Məlumdur ki, Ermənistandakı revanşist əhval-ruhiyyəli qüvvələr, onların xaricdəki havadarları dünya birliyinin 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrini tanımamasına nail olmağa çalışırdılar, bəzi ölkələrin parlamentlərində hansısa bəyanatlar, qətnamələr qəbul olunurdu. Ancaq beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibənin qalibi olan Azərbaycan təzyiqlər qarşısında geri çəkilməyərək öz həqiqətlərini müdafiə etməyi bacardı. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyanatı, iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflanması bir daha göstərdi ki, dünya Azərbaycanın başladığı, irəli apararaq məntiqi sonluğa yaxınlaşdırdığı sülh gündəliyini qəbul edir. Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun və ona bağlı olan əlaqəli qurumların de-yure ləğvi də keçmiş Qarabağ münaqişəsinin beynəlxalq gündəmdən tamamilə çıxarılması deməkdir. Bu, Azərbaycan üçün tarixi uğurdur. Artıq revanşistlərin, onilliklər ərzində işğalçılıq siyasətini dəstəkləmiş qüvvələrin, erməni lobbisinin istinad edəcəyi heç nə qalmayıb.