AZ

Gənclər arasında stress niyə artır? - Psixoloq açıqladı

Müasir dövrdə həyat ritminin sürətlənməsi, sosial və akademik gözləntilərin artması, texnologiyanın yaratdığı informasiya bolluğu gənclər arasında stress səviyyəsinin yüksəlməsinə ciddi təsir göstərir. Yeniyetməlik və gənclik dövrü insanın həm fiziki, həm də psixoloji inkişaf mərhələsi olduğundan bu yaş qrupunda emosional dalğalanmaların daha həssas olması təbiidir. Lakin son illər aparılan müşahidələr göstərir ki, gənclər təkcə şəxsi problemlər deyil, həm də sosial, iqtisadi və rəqabət yönümlü çətinliklər səbəbilə daha çox psixoloji təzyiq altında qalırlar.

Mövzu ilə bağlı Missiya.Az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, son illər müşahidə edirik ki, stress artıq yalnız böyüklərin deyil, yeniyetmə və gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib:

"Əvvəllər 25–30 yaşdan sonra daha çox rast gəlinən psixoloji gərginlik indi 12–18 yaş aralığında da özünü göstərir. Bunun bir neçə əsas səbəbi var və bu səbəblər həm sosial, həm psixoloji, həm də bioloji faktorlarla sıx bağlıdır. Qeyd edim ki, bugünkü nəsil informasiya yükünün ən yüksək olduğu dövrdə böyüyür. Daimi xəbər axını, sosial şəbəkələr, başqalarının uğurları ilə özünü müqayisə etmək, virtual məkanda “mükəmməl görünmə” təzyiqi gənclərin psixikasını davamlı olaraq gərgin saxlayır. Beyin yetkinləşmə prosesi hələ tam başa çatmadığı üçün yeniyetmələr bu informasiyanı tənzimləməkdə çətinlik çəkir və emosional yüklənmə qaçılmaz olur. Bundan başqa, ailə və cəmiyyət gözləntiləri də artıq çox erkən yaşdan başlayır. Uşaqlar məktəbə daxil olduqları andan etibarən yüksək qiymət, uğurlu gələcək, sosial nüfuz, yaxşı peşə seçimi kimi mövzularla üz-üzə qalırlar. Bu gözləntilər bəzən uşağın inkişaf tempinə uyğun olmur və nəticədə özünəinam zəifləyir, narahatlıq artır, stress davamlı hala keçir".

Psixoloq qeyd edib ki, müasir həyat tərzinin dəyişməsi də burda mühüm rol oynayır:

 

"Fiziki aktivliyin azalması, təbii sosial ünsiyyətin yerini onlayn ünsiyyətin alması, yuxu rejiminin pozulması, boş vaxtın düzgün idarə olunmaması gənclərin psixoloji dayanlqlılığını zəiflədir. Bütün bunlar birləşərək erkən yaşlardan başlayan xroniki stressin formalaşmasına səbəb olur. Gənclərin bu vəziyyətdən çıxışı mümkündür və çox yönlü yanaşma tələb edir. İlk növbədə ailə mühitində psixoloji rifahın gücləndirilməsi vacibdir. Valideynlər övladlarının yalnız akademik nailiyyətlərini deyil, eyni zamanda onların emosional ehtiyaclarını da görməlidirlər. Uşağın hisslərini ifadə etməsinə imkan yaradılmalı, onu dinləmək, başa düşmək və dəstək olmaq gündəlik münasibətin təməli olmalıdır. Gənclərin psixoloji rifahı üçün praktik addımlar da çox əhəmiyyətlidir. Yuxu və istirahət rejiminin tənzimlənməsi, fiziki aktivlik, sağlam sosial çevrə, sosial şəbəkə istifadəsinin məhdudlaşdırılması, hobbilərə vaxt ayırmaq və emosiyaların idarə olunmasını öyrənmək psixoloji gərginliyi əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda vurğulamaq istərdim ki, psixoloji sağlamlıq fiziki sağlamlıq qədər önəmlidir".

E. Rüstəmovun sözlərinə görə, gənclərin öz psixoloji vəziyyətlərini daha yaxşı tanıması üçün müxtəlif psixoloji testlərdən, diaqnostik metodikalardan, nəhayət, mütəxəssis dəstəyindən yararlanması çox faydalıdır:

"Müasir psixologiya artıq stressin idarə olunması üçün həm elmi, həm texnoloji, həm də terapevtik vasitələr təqdim edir. Gənclər bu alətlərdən istifadə edərək daha balanslı, dayanıqlı və sağlam psixoloji inkişaf qura bilərlər. Yeni nəsildə stressin erkən yaşlarda görünməsi müasir həyatın çoxqatlı təsirlərinin nəticəsidir. Lakin düzgün dəstək, sağlam ailə mühiti və elmi əsaslı psixoloji yanaşmalar sayəsində bu problemi vaxtında həll etmək, gənclərin psixoloji dayanıqlığını gücləndirmək və onların sağlam gələcək qurmasına şərait yaratmaq tamamilə mümkündür",- deyə Elnur Rüstəmov əlavə edib.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr