Dünya Səhiyyə Təşkilatı (DST) və digər beynəlxalq tibbi qurumlar xərçəng xəstəliyinin qlobal miqyasda artmaqda olduğunu bildirərək əhalini ilkin əlamətlərə qarşı diqqətli olmağa çağırıb.
7Times.az xəbər verir ki, xəstəlik çox vaxt uzun müddət simptomsuz inkişaf edir və bu da gec diaqnoz riskini yüksəldir.
ABŞ Milli Xərçəng İnstitutunun açıqlamalarında qeyd olunub ki, xərçəngin ən çox rast gəlinən ümumi əlamətləri izahsız çəki itkisi, davamlı yorğunluq, iştahanın azalması və bədənin müxtəlif nahiyələrində uzun müddət keçməyən ağrılardır. Mütəxəssislərə görə, bu simptomlar digər xəstəliklərlə qarışdırıldığı üçün insanlar çox vaxt həkimə müraciəti gecikdirirlər.
Xəstəliyin spesifik əlamətləri isə yaranan nahiyədən asılı olaraq dəyişir. Uzun müddət sağalmayan öskürək və ya qanlı bəlğəm ağciyər xərçənginin göstəricisi ola bilər. Qadınlarda süd vəzisində yaranan sərt düyün, forma və ya dəri dəyişiklikləri süd vəzi xərçənginə işarə edir. Həzm pozuntuları, udqunma çətinliyi, sidik və nəcisdə qan kimi hallar da digər xərçəng növləri ilə əlaqələndirilir.
Bildirilib ki, xərçəngin əsas səbəbləri arasında genetik meyillilik, tütün məhsullarından istifadə, radiasiya, sağlam olmayan qidalanma və bəzi virus infeksiyaları xüsusi yer tutur. DST-yə görə, HPV, Hepatit B və C virusları müəyyən hallarda xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.
Mütəxəssislər siqaretdən imtina etməyə, günəş şüalarından qorunmağa, aktiv həyat tərzi və sağlam qidalanma vərdişləri formalaşdırmağa çağırır. “American Cancer Society”nin hesablamalarına görə, xərçəng hallarının təxminən 40 faizinin qarşısını düzgün profilaktika ilə almaq olaq.