AZ

Mürşid İsmayılzadə: Aviasiyanı uşaqlarımıza əyləncəli və maarifləndirici formada öyrətmək istəyirik

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 8 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) uşaqlar üçün aviasiya mövzusunda ilk dəfə– Azərbaycan və ingilis dillərində yeni kitab hazırlayıb. Layihənin əsas məqsədi balaca oxucularda aviasiyaya marağı artırmaq, onları həm Azərbaycan, həm də dünya aviasiyasının tarixi ilə əyləncəli və maarifləndirici formatda tanış etməkdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Arzulardakı mavi təyyarə” adlı kitabın müəllifi Mürşid İsmayılzadə bildirib.

Kitabın müəllifi qeyd edib ki, nəşr uşaqlar üçün həm informativ, həm də macəra üslubunda hazırlanıb: “İstədik ki, uşaqlar aviasiyanı quru faktlarla yox, hekayə dili ilə, sevə-sevə öyrənsinlər. Kitabın qəhrəmanı 8 yaşlı Azərdir. Oxucu onun macərası ilə birgə aviasiyanın sirli dünyasına daxil olur”.

Mürşid İsmayılzadənin sözlərinə görə, Azərbaycan aviasiyasının zəngin ənənələri bu kitabda xüsusi yer tutur: “Bizim ölkədə çox böyük aviasiya tarixi, məşhur pilotlarımız, həm qadın, həm kişi aviasiya qəhrəmanlarımız var. Bu kitabda həm onların hekayələri, həm də yeni nəsli ruhlandıracaq faktlar əks olunub.”

Nəşrdə dünya aviasiyasının ilk öncülləri, o cümlədən Montgolfier qardaşları və Rayt qardaşları haqqında məlumatlar, uşaqlar üçün nəzərdə tutulmuş rəngarəng ilustrasiyalar yer alıb. Məqsəd – uşaqların marağını oyatmaq və aviasiyanın necə formalaşdığını sadə dildə göstərməkdir.

Kitab həmçinin Azərbaycanın hava limanları, son illərdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayan yeni hava nəqliyyatı infrastrukturu, eləcə də ölkəmizin hava nəqliyyatı sahəsindəki yenilikləri barədə də məlumatları əhatə edir.

Müəllif qeyd edib ki, kitabın təqdimat mərasimində uşaqların iştirakı yaddaqalan olub: “AZAL-ın maskotu Sky tədbirin ən çox diqqət çəkən qonaqlarından olub. Uşaqların gözündə o sevinc parıltısını görmək bizim üçün ən böyük motivasiya idi. Demək, bu kitab öz missiyasını yerinə yetirəcək”.

Müəllif əlavə edib ki, kitabın iki dildə nəşr olunması xarici oxuculara da Azərbaycan aviasiyasını tanıtmaq məqsədi daşıyır: “Biz istəyirik ki, ölkəmizin aviasiya tarixi yalnız azərbaycanlı uşaqlara deyil, Azərbaycana gələn əcnəbi balaca oxuculara da tanıdılmış olsun”.

Qeyd edək ki, “Arzulardakı mavi təyyarə” adlı kitabın nəşr olunması 7 dekabr – Beynəlxalq Mülki Aviasiya Gününə həsr edilib. Azərbaycan və ingilis dillərində çap edilən kitab AZAL-ın kiçik sərnişinlərinə uçuşlar zamanı hədiyyə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr