AZ

“Otokar” Azərbaycanda daha geniş miqyasda fəaliyyət göstərmək istəyir

Azərbaycanda daha fəal olmağı hədəfləyirik. Əslində, Azərbaycan artıq müştərimizdir, lakin biz onu “xarici müştəri” kimi deyil, öz vətənimiz kimi görürük.

Bu sözləri “Poliqon” jurnalına müsahibəsində “Otokar” şirkətinin baş direktor müavini Sedef Vehbi söyləyib.

O bildirib ki, “Otokar” Azərbaycanda daha geniş miqyasda fəaliyyət göstərmək, daha çox layihədə yer almaq istəyir və bu səbəbdən şirkət əməkdaşlığı necə gücləndirə biləcəyini araşdırır: “Bildiyiniz kimi, iki ölkə arasında artıq çox geniş əməkdaşlıq mövcuddur. Həm Azərbaycan Respublikası, həm də Türkiyə Respublikası bir-biri ilə çox yaxın münasibətlərə malikdir və qarşılıqlı şəkildə hər cür dəstəyi göstərirlər. Biz də bu çərçivədə mövqeyimizi qorumağa və əməkdaşlığı daha da irəliyə aparmağa çalışırıq”.

Onun sözlərinə görə, Azərbaycanın xüsusilə 8×8 tipli ağır sinifli nəqliyyat vasitələrinə ehtiyacı olduğunu bilən “Otokar”, bu layihəyə namizəddir və həmin nəqliyyat vasitələrini Azərbaycanda istehsal etmək istəyir. Şirkətin məqsədi Azərbaycanın müdafiə sənayesinə töhfə vermək və yerli istehsalı dəstəkləməkdir.

“Bundan başqa, müxtəlif 4×4 tipli nəqliyyat vasitələrinə də ehtiyac olduğunu bilirik və Azərbaycanın öz müdafiə sənayesini inkişaf etdirmək istiqamətindəki səylərinə dəstək verməyə tam hazırıq. Bizim imkan və qabiliyyətlərimiz Azərbaycanın ehtiyaclarına uyğun şəkildə qiymətləndirilə bilər və lazım olan hər bir həlli təqdim etməyə hazırıq”, – deyə baş direktor müavini vurğulayıb.

Şirkətin gələcəkdə Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək üçün atdığı addımlarla bağlı danışan S.Vehbi, bu istiqamətdə həm şirkətlərlə, həm də rəsmi qurumlarla görüşlərinin davam etdiyini diqqətə çatdırıb: “Əlbəttə, bizim sektorumuzda qaydaları müştəri müəyyənləşdirir – bunu həmişə vurğulayıram. Əgər hər hansı özəl şirkətlə əməkdaşlıq edəcəyiksə, bu, mütləq şəkildə Azərbaycan rəsmiləri tərəfindən təsdiqlənməli və qəbul edilməlidir.

Nəticə etibarilə, əsas məqsədimiz ölkəyə fayda vermək, silahlı qüvvələrə xidmət göstərmək və eyni zamanda iqtisadi inkişaf prosesinə töhfə verməkdir. Bu məqsədlə həm şirkətlərlə, həm də rəsmi qurumlarla dialoqumuzu davam etdiririk”.

Seçilən
21
poliqon.az

1Mənbələr