AZ

Naxçıvanda 25 meqavat gücündə iki stansiyanın inşasına gələn ilin əvvəlindən başlanması planlaşdırılır – AÇIQLAMA

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq, Azərbaycan Energetika Nazirliyi tərəfindən Naxçıvan üçün "yaşıl enerji zonası" konsepsiyası və tədbirlər planının ilkin layihələri hazırlanıb və aidiyyəti qurumlara rəy və təkliflərin bildirilməsi üçün göndərilib. Müvafiq rəylər artıq bütün qurumlardan daxil olub. Hazırda onların ümumiləşdirilməsi və sənədin yekun versiyasında nəzərə alınması istiqamətində işlər davam etdirilir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

O qeyd edib ki, bu gün Naxçıvanda keçirilən maarifləndirmə tədbirində də artıq konsepsiyanın əsas prioritetləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verildi: "Gördüyünüz kimi, burada kifayət qədər müxtəlif sahələr öz əksini tapıb - bioenerjidən artıq ənənəvi statusu almış Günəş və külək stansiyalarının inşasına qədər. Eyni zamanda elektromobillik və digər spesifik layihələr burada təhlil olunub və onlarla bağlı hədəf göstəriciləri müəyyənləşdirilib. Həmin sənədlərdə müxtəlif dövlət qurumlarının və aidiyyəti qurumların qarşısında duran məsələlər də əksini tapıb".

Naxçıvanın çox böyük Günəş enerjisi potensialı olduğunu vurğulayan Cavid Abdullayevin sözlərinə görə, burada məhdudiyyət yalnız şəbəkə imkanları səviyyəsindədir. "Naxçıvanda bərpa olunan enerjiyə dair ərazilər aidiyyəti üzrə müəyyən olunub və torpaq ayırma prosesləri gedir. Bilirsiniz ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 688 hektar torpaq sahəsi Naxçıvanda bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən olunub və 25 meqavat gücündə iki stansiyanın inşası ilə bağlı danışıqlar yekun mərhələyə daxil olub. Planlaşdırırıq ki, növbəti ilin əvvəlindən həmin stansiyaların inşası ilə bağlı intensiv işlərə start verilsin", - deyə Cavid Abdullayev əlavə edib.

Seçilən
4
2
azertag.az

3Mənbələr