AZ

Gürcüstanda yaşayan soydaşlarımız çempionatda 9 medal qazanıblar

Tbilisi, 8 dekabr, AZƏRTAC

Gürcüstanda uşu sanda üzrə 22-ci ölkə çempionatı keçirilib.

Çempionatda ölkənin müxtəlif bölgələrindən yüzdən çox yeniyetmə və gənc idmançı iştirak edib. Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsini Marneuli komandası 13 idmançı ilə təmsil edib.

Məşqçi Əli Qəmbərov AZƏRTAC-a müsahibəsində deyib ki, yarışda qalib gələn idmançılar təkcə medal və ya digər mükafatlar deyil, gələn il keçiriləcək Avropa və dünya çempionatlarında iştirak hüququ qazanıblar.

Komandanın baş məşqçisi Faiq Məmmədov, məşqçi isə Müşfiq Əliyevdir.

Gürcüstan Uşu Sanda Federasiyasının prezidenti Qiorqi Miskulaşvili AZƏRTAC-a müsahibəsində bildirib ki, soydaşlarımız artıq ikinci dəfədir ki, Gürcüstan çempionatında iştirak edirlər. Hər iki yarışda onlar parlaq qələbələr qazanıblar. Bu qələbələr azərbaycanlıların idmana böyük marağının olmasından xəbər verir.

Mötəbər turnirdə Azərbaycan icmasını təmsil edən 13 nəfər soydaşımız uşu sanda üzrə Gürcüstan çempionluğu uğrunda layiqincə mübarizə aparır.

Soydaşlarımız turnirdə sevindirici nəticələr əldə ediblər. Bayramqulu Mustafayev, Qeyrət Cəlilov, Yılmaz Mikayılov, Etibar Muradov qızıl, Zahid Ağayev və İmran Mikayılov gümüş, Fuad Quliyev, Bərkan Bayramov, Hüseyinəli Allahverdiyev isə bürünc medal qazanıblar.

Sonda qaliblərə mükafatlar təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
111
azertag.az

1Mənbələr