AZ

Benində nə baş verir?

ECOWAS bu ölkəyə çevik reaksiya qüvvələri göndərir

Bu günlərdə Afrikanın daha bir ölkəsində dövlət çevrilişinə cəhd baş verib. Belə ki, dekabrın 7-də Benində bir qrup hərbçi ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər. Üsyançı hərbçilər dövlət televiziyası olan SRTB-nin efirindən bu bəyanatı veriblər. Bəyanata görə, hərbçilər dövlət qurumlarının buraxıldığını və Patris Talonun prezident vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər. Qeyd olunub ki, keçid dövründə ölkəyə nəzarət polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi Hərbi Bərpa Komitəsinə veriləcək. Üsyançı hərbçilər prezidentin iqamətgahını ələ keçirməyə cəhd ediblər.

Lakin qısa müddət sonra üsyançıların hakimiyyəti ələ keçirmələri barədə məlumat təkzib olunub. Beninin xarici işlər naziri “Reuters”ə bildirib ki, çevriliş cəhdi kiçik bir hərbçi qrup tərəfindən edilib, ordunun böyük hissəsi isə hakimiyyətə sadiq qalır. Onun sözlərinə görə, qiyamçılar yalnız dövlət televiziyasına nəzarəti ələ keçiriblər, siqnal bir neçə dəqiqəlik kəsilib.

Hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı Milli Qvardiya bölmələri tərəfindən alınıb. Üsyançılar həbs edilib və konstitusiya quruluşu bərpa olunub.

Benin Prezidenti Patris Talon milli televiziyada xalqa müraciət edib. “Hərbi qulluqçulardan ibarət kiçik bir qrup üsyan törədib və bu, ordumuz tərəfindən dərhal yatırılıb”, - deyə dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, çevrilişin bütün ocaqları zərərsizləşdirilib və üsyançıların xəyanət aktı cəzasız qalmayacaq. Prezident qeyd edib ki, hakimiyyət ölkədə vəziyyətə tam nəzarət edir. “Vəziyyət tam nəzarət altındadır. Hər yerdə təhlükəsizlik və ictimai asayiş təmin olunacaq”, - deyən dövlət başçısı əlavə edib ki, vətəndaşlar gündəlik işləri ilə təhlükəsiz şəkildə məşğul ola bilərlər.

Qeyd edək ki, Benin Respublikası Qərbi Afrikada yerləşir. Bu ölkə  1975-ci ilədək Daqomeya adlanıb. Ölkənin Benin və Qvineya körfəzlərinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə - Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı  Porto-Novo şəhəri olsa da, hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir.

Xatırladaq ki, Benin uzun illər Fransanın müstəmləkəsi olub. Bu ölkə 1893-cü ildən Fransanın müstəmləkəsinə çevrilib. 1904-cü ildə Benin Fransız Daqomeyası adı altında fransız Qərbi Afrikasının tərkibinə daxil edilib. 1946-cı ildə Daqomeya Fransanın dənizarxası ərazisi statusunu alıb, 1958-ci ildə muxtar respublika kimi fransız cəmiyyətinin tərkibinə daxil edilib. 1 avqust 1960-cı ildən isə indiki Benin Daqomeya Respublikası olaraq müstəqil dövlət elan edilib.

Yeri gəlmişkən, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) bazar günü bir qrup hərbçinin Benində hakimiyyəti ələ keçirmək cəhdini şiddətlə qınayıb. Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi   çevriliş cəhdinə cavab olaraq Beninə öz çevik reaksiya qüvvələrini yerləşdirməyə dair qərar verib. “Reuters”in  məlumatına görə, artıq təşkilatın hərbi və siyasi rəhbərliyi Beninə çevik reaksiya qüvvələrinin göndərilməsi barədə göstəriş verib. Bununla belə, Beninə hansı ölkələrin qoşunlarının yerləşdiriləcəyi açıqlanmayıb.

N.BAYRAMLI

Seçilən
45
yeniazerbaycan.com

1Mənbələr