Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) Bəşər Əsəd rejiminin süqutundan bəri həm Suriya daxilində, həm də qonşu ölkələrdə 3 milyondan çox məcburi köçkün suriyalının evlərinə qayıtdığını bildirdi.
Hafta.az-ın yazdığına görə, bəyanatda Əsəd rejiminin süqutunun Suriyada sülh və sabitlik üçün fövqəladə bir ümid pəncərəsi açdığı və məcburi köçkün suriyalıların evlərinə qayıtmağa davam etdiyi vurğulanıb.
Bəyanatda daha çox məcburi köçkün suriyalının geri qayıtmaq istəyi vurğulanıb və bunun Suriyanın bərpasında vacib bir addım olduğu bildirilib. Bəyanatda qaçqın suriyalıların tarixi geri dönüşünün həm fürsətlər, həm də təcili çətinliklər gətirdiyi qeyd edilib: "Əsəd rejiminin süqutundan bir il sonra 3 milyondan çox qaçqın suriyalı evlərinə qayıdıb. Lakin bu tendensiyanı qorumaq və sabitliyi təmin etmək üçün təcili olaraq daha çox beynəlxalq dəstəyə ehtiyac var. 2024-cü ilin dekabr ayından bəri 1,2 milyondan çox suriyalı qonşu ölkələrdən könüllü olaraq, 1,9 milyondan çox daxili köçkün isə vətənlərinə qayıdıb".
Bəyanatda qeyd olunur ki, 8 dekabr 2024-cü ildən bəri ən azı 170 min suriyalı İordaniyadan Suriyaya qayıdıb. Həmçinin qeyd olunur ki, təsdiqlənmiş və ya ehtimal olunan qayıdışlara əsasən, noyabr ayının sonunda Livanda təxminən 379 min suriyalıya qaçqın dəstəyi dayandırılıb. 8 dekabr 2024-cü ildən bəri Misirdə təxminən 28 suriyalı qaçqının fərdi sənədlərinin bağlandığı bildirilən bəyanatda deyilir: "Türkiyədə keçən il təxminən 560 min suriyalı könüllü olaraq geri qayıdıb. BMT QAK, hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə təxminən 420 min geridönüş hadisəsini izləyib".
Bəyanatda şərhləri yer alan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Suriyanın dünyanın ən pis humanitar böhranlarından birinə son qoymaq üçün əla fürsət təqdim etdiyini bildirib. "Lakin təcili qlobal dəstək olmadan bu ümid pəncərəsi bağlanacaq. Suriyalılar ölkələrini yenidən qurmağa hazırdırlar. Əsl sual dünyanın buna nail olmaq üçün onlara kömək etməyə hazır olub-olmamasıdır", - o deyib.