Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib ki, Ukraynanın təhlükəsizliyi təmin edilməlidir, çünki uzunmüddətli perspektivdə o, Avropa İttifaqı üçün ilk müdafiə xəttidir.
Paralel.az xəbər verir ki , bu barədə AK rəhbəri sosial şəbəkə X-də yazıb.
“Danışıqlar davam etdikcə Avropa İttifaqı Ukraynaya dəstəyində sarsılmaz olaraq qalır. Maliyyə təkliflərimiz artıq müzakirəyə çıxarılıb. Məqsəd — həm döyüş meydanında, həm də danışıqlar masasının arxasında güclü Ukraynadır”, — deyə fon der Lyayen vurğulayıb.
Onun sözlərinə görə, özü, NATO-nun baş katibi Mark Rütte və Avropa Şurasının prezidenti Antoniu Koşta Ukrayna prezidenti Volodimir Zelenskiyə Aİ-nin mövqeyində qətiyyətli və prinsiplərinə sadiq qaldığını təsdiqləyiblər.
“Ukraynanın suverenliyi təmin olunmalı və qorunmalıdır. Ukraynanın təhlükəsizliyi — uzunmüddətli perspektivdə — İttifaqımız üçün ilk müdafiə xətti kimi təmin edilməlidir. Bu prioritetlər NATO Baş katibi Mark Rütte ilə müzakirələrimizin mərkəzində idi”, — deyə AK rəhbəri əlavə edib.
Sonda o qeyd edib ki, Avropa bundan sonra da Ukraynada ədalətli və dayanıqlı sülhün əldə olunmasına yönəlmiş səylərə töhfə verməyə davam edəcək.