AZ

ÜTT üzvlüyü: Azərbaycanın ixrac fürsətləri və daxili bazarda risklər- ÖZƏL

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üzrə Hazırlıq İşləri Komissiyasının iclasında əlavə addımların müəyyənləşdirildiyini açıqlayıb. Nazir bildirib ki, müzakirələrin əsas diqqət mərkəzində yerli istehsalın gücləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və əsas iqtisadi sektorların beynəlxalq ticarət tələblərinə uyğunlaşdırılması olub. Azərbaycan ÜTT-yə üzvlük üçün 1997-ci ildən müraciət edib və hazırda 22 dövlətlə ikitərəfli danışıqlar aparır, 5 ölkə (Türkiyə, Oman, BƏƏ, Gürcüstan və Qırğızıstan) ilə isə protokollar imzalanıb.

ÜTT-yə üzvlük Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi və yerli istehsalın gücləndirilməsi baxımından hansı konkret üstünlüklər və risklər gətirə bilər?
Mövzu ilə bağlı  Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib: 
"Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük Azərbaycanın ixrac imkanlarını genişləndirmək və yerli istehsalı gücləndirmək baxımından bir sıra üstünlüklər və risklər gətirə bilər. Üstünlüklərdən biri, Azərbaycan məhsullarının dünya bazarına çıxışının asanlaşmasıdır. ÜTT üzvlüyü ilə ölkə xarici ticarətdə daha şəffaf və stabillik təmin edən qaydalara tabe olur ki, bu da xarici investorların və tərəfdaşların inamını artırır. İxrac üçün tarif və qeyri-tarif maneələrinin azaldılması, ixrac potensialının yüksəlməsinə imkan yaradır. Eyni zamanda, yerli istehsalın beynəlxalq standartlara uyğunlaşdırılması texnologiya transferi, məhsul keyfiyyətinin yüksəlməsi və rəqabətqabiliyyətin artması kimi faydalar gətirir. 
Risklər isə əsasən daxili bazarın açılması ilə bağlıdır. ÜTT qaydalarına uyğun olaraq xarici malların Azərbaycana girişinə müəyyən sərbəstlik verilməsi yerli istehsalçıların hələ rəqabətə hazır olmadığı sahələrdə çətinliklər yarada bilər. Bununla yanaşı, beynəlxalq tələblərə uyğunlaşmaq üçün bəzi sektorlar əlavə xərclər və investisiyalar tələb edə bilər.
Nəticədə, ÜTT üzvlüyü uzunmüddətli perspektivdə iqtisadi inkişaf və ixrac imkanlarını artırmaq üçün əhəmiyyətli fürsətlər yaradır, lakin bu prosesdə daxili istehsalın qorunması və uyğunlaşma strategiyalarının düzgün hazırlanması vacibdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr