Bakı, 9 dekabr, AZƏRTAC
Gəncə şəhər sakini olan 16 yaşlı yeniyetmə atasına məxsus “Hyundai” markalı avtomobillə Göygöl rayonunun Yeni Qızılca kəndinin ərazisində hərəkətdə olarkən, sərt döngədə idarəetməni itirərək yol kənarında dayanmış Feyruz Quluzadəni vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətdə aciz qalacaqlarını, bir sözlə, sonrakı peşmançılığın fayda verməyəcəyini unudurlar:
“BDYPİ avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və valideynlərə müraciət edərək onları övladlarının gələcəyi naminə birgə əməkdaşlığa çağırır”,- deyə məlumatda qeyd edilib.