Milli Məclisdə “Daxili qoşunlar haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Doğru.az xəbər verir ki, dekabrın 9-da keçirilən iclasda təsdiqlənən layihə Daxili Qoşunların dövlət suverenliyinin, ictimai qaydanın və ümumi təhlükəsizliyin təminatındakı rolunu hüquqi baxımdan əhatəli şəkildə tənzimləyir.
Qanun layihəsi 6 fəsil və 30 maddədən ibarətdir, şəxsi heyətin hərbi qulluqçular və mülki işçilərdən ibarət olacağını, hərbi qulluqçular üçün peşəkar hazırlıq, fiziki göstəricilər və texnika istifadə bacarıqlarının vacib şərtlər kimi müəyyənləşdirildiyini qeyd edir. Mülki heyət isə əmək qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək.
Layihədə həmçinin daxili qoşunların kadr hazırlığı, ixtisasartırma və elmi-tədqiqat fəaliyyəti üzrə xüsusi təhsil müəssisələrinin mövcudluğu, həm yerli, həm də beynəlxalq təhsil imkanları nəzərdə tutulur.
Xüsusi təhlükəsizlik tədbirləri çərçivəsində şəxsi heyətin və ailə üzvlərinin məlumatlarının yayılmasına qadağa qoyulub və fəaliyyətlə bağlı məlumat yalnız müvafiq komandanlığın icazəsi ilə paylaşılacaq.
Yeni qanun qüvvəyə mindikdən sonra “Daxili qoşunların statusu haqqında” əvvəlki qanun ləğv ediləcək.
DOĞRU.AZ