AZ

Milli-mənəvi dəyərlərin qorunması Mədəniyyət Nazirliyinin əsas prioritetidir

Son günlər ölkə ictimaiyyəti keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızı, rejissor və ssenari müəllifi Suad Qaranın ərsəyə gətirdiyi “Məhsəti” bədii filmi ətrafında yaranan ciddi ajiotajı müzakirə edir. Şairə Məhsəti Gəncəvinin həyat və irsini kontekstdənkənar, etik normalara zidd şəkildə təqdim etdiyini iddia edən tamaşaçılar və tənqidçilər filmin hələ nümayişə çıxmamış fraqmentləri əsasında kəskin etiraz bildiriblər.

Filmin yayılan hissələrində Məhsəti Gəncəvi obrazının tarixi faktlardan uzaqlaşdırılması, poetik irsin kommersiya məqsədli səthiliyə çevrilməsi, kostyum və vizual həllərin milli ruhla ziddiyyət təşkil etməsi ictimai qıcıq yaradıb. Bu səbəbdən filmin alqış yox, əksinə, geniş narazılıq və sərt tənqid topladığı bildirilir.

Məsələnin ictimai müzakirəsinin böyüməsi fonunda Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura filmi Bakı Film Festivalında nümayişə buraxmaqdan imtina edib. Rəsmi açıqlamada qeyd olunur ki, ekran əsərində şairənin ideya-mənəvi irsi təhrif olunub, etik-normativ çərçivələrə açıq şəkildə etinasızlıq göstərilib, manipulyativ və kontekstdənkənar mənalandırma cəhdlərinə yol verilib.

Nazirliyin mövqeyinə görə, Azərbaycanın klassik ədəbi irsinin daşıyıcısı olan Məhsəti Gəncəvinin belə formada təqdimatı “qətiyyən yolverilməzdir” və geniş ictimai narazılıq doğurması təbiidir. Dövlət səviyyəsində qorunan bir tarixi simvolun “primitivləşdirilmiş obraz” kimi təqdim olunması həm mədəni irsə hörmətsizlik, həm də maarifləndirici missiyanın pozulması kimi qiymətləndirilir.

Müzakirələr fonunda cəmiyyətin bir hissəsi “Məhsəti” filmini keçmiş nazir Əbülfəs Qarayevin uzun illər rəhbərlik etdiyi sahədə formalaşmış köhnəlmiş yanaşmanın vizual nəticəsi kimi dəyərləndirir.

Bununla belə, Mədəniyyət Nazirliyi son illərdə tarixi mövzulu filmlərə böyük dəstək verir. Nazirliyin açıqlamasına görə, bu filmlərə dəstəyin əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması və gənc nəsilə çatdırılmasıdır. Tarixi filmlər milli yaddaşın formalaşmasında vacib rol oynayır, gəncləri soy-kökümüz, mədəniyyətimiz və ədəbiyyatımızla bağlayır, onların milli dəyərlərə hörmət ruhunda yetişməsinə töhfə verir.

Bəzən sual olunur ki, niyə belə layihələrə vaxt və resurs sərf olunur? Nazirliyin cavabı aydındır: bu layihələrə sərf olunan resurslar milli-mənəvi dəyərləri qorumaq və tarixi keçmişi gənc nəsilə çatdırmaq məqsədi daşıyır. Bu filmlər gənclərin milli yaddaş və mədəni irs ilə bağlı bilik və təcrübələrini zənginləşdirir.

2023-2025-ci illərdə istehsalına başlanmış tarixi mövzulu filmlər də həm oxucuların, həm də ictimaiyyətin diqqətinə çatdırılır və onların milli-mədəni dəyərlərə marağını artırmaq məqsədi daşıyır. 2023-cü ildən başlayaraq "Tağıyev", "Nizami: daxili aləm", 2024-cü ildə "Cənnət yuxusu", "Azərbaycan Atabəyləri", "Nargin" və "Kapitan və Xəzər dənizi", 2025-ci ildə isə "Atropatena", "Nəsil yaddaşı”, "Akinak. İşquz qılıncı", "Azıx mağarası" və "Türkmənçay" kimi filmlər istehsal olunub və nümayiş üçün hazırlıq mərhələsindədir.

Bu çərçivədə Mədəniyyət Nazirliyi vurğulayır ki, tarixi filmlərə verilən dəstək həm milli-mədəni irsin qorunmasına, həm də gənc nəsilin təhsilinə və maariflənməsinə xidmət edir.

Redaktor.az

Seçilən
56
1
redaktor.az

2Mənbələr