Bakı, 9 dekabr, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Qida təhlükəsizliyi haqqında” Qanunun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”ndə bəzi dəyişikliklər edilib.
Dəyişikliklərin arasında diqqətçəkən məqamlardan biri bioloji aktiv qida məhsullarının (BAQM) dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan ekspertiza rəyləri üçün sorğuların əvvəlki dövrlərdə olduğu kimi sahibkarlar tərəfindən deyil, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həmin dövlət orqanına göndərilməsi ilə bağlıdır.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, BAQM-in dərman vasitəsi olub-olmaması barədə ekspertiza rəyinin alınması üçün agentliyin tərəfindən müvafiq sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində nazirliyə ötürüləcək, nazirliyin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” ilə istehsalçı və ya onun müvəkkil etdiyi şəxs arasında ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanılması, müvafiq ödənişin həyata keçirilməsi, habelə nümunələrin təqdim edilməsi barədə agentliyə məlumat verildikdən sonra məhsula dair ekspertiza 15 iş günü müddətində həyata keçiriləcək və ekspertiza rəyi nazirlik tərəfindən EHİS vasitəsilə agentliyə ötürüləcək.
Qeyd edilib ki, həmin dəyişiklik “bir pəncərə” prinsipinə uyğun olaraq, sahibkarların bir məhsulun qeydiyyatı ilə əlaqədar bir neçə dövlət orqanı ilə bilavasitə əlaqə saxlaması zərurətinin tədricən aradan qalxmasına gətirib çıxaracaq.
Digər dəyişikliklər, əsasən, qeydiyyat proseduru ilə bağlı icra müddətlərinin konkretləşdirilməsi, tələb olunan məlumat və sənədlərin dəqiqləşdirilməsi və sair ilə bağlıdır.
Qərarla əlaqədar vacib məqamlardan biri də Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğunlaşdırılaraq, “Bioloji aktiv qida məhsullarının ekspertizadan keçirilməsi Qaydası” adlandırılması və yeni redaksiyada təsdiq edilməsidir.