Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Rusiya “uyğun əsaslar” olarsa, Ukrayna ilə İstanbul formatında danışıqları bərpa etməyə hazırdır. Diplomat “İzvestiya”ya bildirib ki, “Biz İstanbul formatından imtina etməmişik. Mövqelərimiz dəyişməyib”.
O xatırladıb ki, Moskva hələ iyul ayında memorandum layihəsi hazırlayıb və dialoqu davam etdirməyə hazırdır.
Miroşnik həmçinin Avropanı sülh prosesini sabotaj etməkdə günahlandırıb. Onun sözlərinə görə, Avropa ölkələri Ukrayna ilə birlikdə “dinc həll axtarışını mümkün qədər çətinləşdirmək” və sonra danışıqların pozulmasında Rusiyanı məsul kimi göstərməyə çalışırlar.
O qeyd edib ki, Amerika planı yalnız Rusiya şərtlərinə uyğunlaşdırıldığı təqdirdə nəzərdən keçirilə bilər; əks halda Moskva onu qəbuledilməz hesab edəcək.
//Samir Qurbanov, Editor.az