AZ

Türkiyəli ekspert: Aİ-nin Cənubi Qafqaz siyasəti Brüsselə inamı zəiflədir

Ankara, 10 dekabr, AZƏRTAC

Avropa İttifaqının Ermənistanın Aİ-yə inteqrasiya ilə bağlı bəyanatlarına göstərdiyi münasibət, ittifaqa daxil olmağa can atan digər dövlətlərlə bağlı Brüsselin mövqeyindən köklü surətdə fərqlənir. Avropa İttifaqı xarici siyasətdə seçici yanaşma nümayiş etdirir ki, bu da tənqidlərə səbəb olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Tuğce Tecimer bildirib.

Ekspert Aİ rəsmilərinin demokratiyanın qorunması, hüquqi dövlət prinsipləri və insan hüquqlarına dair verdikləri təminatları xatırladıb.

“Ermənistana münasibətdə bu dəyərlərin monitorinq mexanizmi daha “elastik” tətbiq edilir və “daha az öhdəlik” xarakteri daşıyır. Bununla yanaşı, Ermənistana maliyyə və digər yardımların göstərilməsi prosesi digər Aİ-nin dialoq üzrə digər tərəfdaşlarına tətbiq edilən sərt tələblərlə müşayiət olunmur”, – deyə o qeyd edib.

Ankara analitik mərkəzinin nümayəndəsi vurğulayıb ki, Aİ-nin bəyanatları ilə praktiki addımları bir-birinə ziddir və bu, “Avropa İttifaqının maraqlarının elan edilmiş dəyərləri ikinci plana keçirdiyi” barədə iddiaları təsdiqləyir.

Onun fikrincə, Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Ermənistana xüsusi önəm verməsi Avropa siyasətçilərinin Rusiya və İranı zəiflətməyə yönəlmiş geosiyasi hədəflərini əks etdirir.

Aİ-yə inteqrasiya etmək niyyətini açıqlayan dövlət kimi Ermənistana göstərilən xüsusi münasibət digər ölkələrin, xüsusilə də Türkiyənin, Gürcüstanın və Balkan regionu ölkələrinin Brüsselə olan inamını sarsıda bilər.

“Avropa İttifaqının Ermənistana geniş manevr imkanları təqdim etməsi Brüsselin xarici siyasətində mövcud qərəzliliyin göstəricisidir”, – deyə o əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
42
1
azertag.az

2Mənbələr