AZ

Qərbi Azərbaycan Xronikası: Basarkeçər, Baraxlı Türk tarixinin izi

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Qıpçaq mənşəli etnonimdən yaranan məkan" adlı süjet hazırlanıb.

Moderator.az xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Basarkeçər, Basarkeçər daşt və Baraxlı toponimi haqqında söz açılır.

Bildirilir ki, Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlılara məxsus yurd və yaşayış məskənlərinin izini itirmək üçün toponim terroruna əl atıb.

Basarkeçər - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonda kənd və rayon mərkəzi adıdır. Göyçə gölünün yaxınlığında yerləşir. Adı "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilib. 1969-cu ildən şəhər tipli qəsəbə və eyniadlı rayonun mərkəzi olub. Kənddə tarixən azərbaycanlılar yaşayıblar. 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulsalar da, indiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar yenidən qayıdıblar. 1988-ci ildə azərbaycanlılar yenidən tamamilə zorla qovulublar. 1969-cu ildə adı dəyişdirilib Vardenis qoyulub.

Basarkeçər daşt - Göyçə gölünün cənub-şərqində, Basarkeçər rayonu ərazisində çöl, ərazi adıdır. 1 916 metr hündürlükdə yerləşir.

Baraxlı - Qazax qəzasında, sonralar Loru mahalı ərazisinə verilən Barana, yəni Noyemberyan adlandırılan rayonda yaşayış məntəqəsi-qışlaq olub. Rayon mərkəzindən 30 km şimalda, Tona/Debet çayının sahilində yerləşir. Ləmbəli sovetliyinin tərkibində olub. Burada tarixən yalnız azərbaycanlılar yaşayıblar. 1930-cu illərdə yaşayış məntəqəsi kimi ləğv edilib və azərbaycanlılar köçürülüblər.

Sonda vurğulanır ki, ermənilərin oğuz türklərinə məxsus toponimlərin yadlaşdırma siyasəti heç kim üçün qaranlıq deyil: "Təbii ki, bütün tarixi mənbələrdə, arxivlərdə saxlanılan materialların gün işığına çıxması hayların yalan məlumatlarla qidalanması, uydurmalardan bəslənərək yaşaması faktını bir daha təsdiqləyir".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
moderator.az

6Mənbələr