Neftçala şəhərinin Bayraq Meydanında keçirilən "Balıq və Aqrar Biznes Festivalı" böyük izdiham topladı. Rayon icra hakimiyyəti, Aqrar İnnovasiya, Balıqçılıq və Akvakultura mərkəzlərinin, eləcə də "İODİCO" MMC-nin təşkil etdiyi tədbirə ölkənin müxtəlif bölgələrindən çoxsaylı qonaqlar və rəsmilər qatılmışlar.
Açılışda RİH başçısı Mirhəsən Seyidov festivalın Neftçalanın turizm və iqtisadi potensialının tanıdılmasına verəcəyi töhfədən danışdı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Neftçalaya səfəri zamanı istifadəyə verilən "Azerbaijan Fish Farm" MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatında yaradılan şərait haqqında məlumat verdi, həmin təsərrüfatın əhalinin məşğulluqla təmin olunmasında, Neftçalada yetişdirilən balıq nümunələrinin yerli və xarici bazarlarda tanıtdırılmasındakı rolunu qeyd etdi. RİH başçısı ölkədə ilk balıqçılıq peşə təhsilinin də Neftçala Peşə Məktəbində tədris olunması barədə festival iştirakçılarına məlumat verdi. Festival iştirakçıları həmçinin "Xıllı-Balıq", "Oryad Balıq", Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "AzProduct" və "Kəhf" MMC-lərin fəaliyyəti haqqında məlumatlandırıldılar. M.Seyidov sonda festivalın keçirilməsinə dəstək verən Kənd Təsərrüfatı Nazirliyinə, onun tabeliyindəki qurumlara, Gənclər və İdman, Mədəniyyət nazirliklərinə və digər dövlət qurumlarına rayon ictimaiyyəti adından təşəkkür etdi.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev və digər qonaqlar da çıxış edərək festivalın işinə uğurlar arzuladılar.
Ziyarətçilər gün ərzində balıq və aqrar məhsulların sərgisi ilə tanış oldular, balıqçılıq üzrə canlı təqdimatlara qatıldılar, rəssamların əl işlərini və yaradıcı guşələri seyr etdilər. "Balığı Neftçalada yeyərlər" kulinariya zonasında isə müxtəlif mətbəx nümunələrindən daddılar, ustad dərslərində sağlam qidalanma və balığın düzgün bişirilməsi barədə məlumat aldılar.
Kür çayında qayıqla gəzinti, kanoe nümayişləri və balıq körpələrinin suya buraxılması da festivalın yaddaqalan tədbirlərindən oldu. Konsert proqramları, DÆ çıxışları və uşaq əyləncə zonaları isə tədbirdə bayram ovqatı yaratmışdı. Bu ovqatla Xəzər dənizinin, Kür çayının və balıqçılıq təsərrüfatlarının satışa çıxardıqları balıq məhsulları və digər aqrar məhsullardan alanlar az olmadı.
Sonda Kənd Təsərrüfatı Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən festivalda fəal iştirak edən şirkətlərin nümayəndələrinə təşəkkürnamələr təqdim edildi. Beləcə, Neftçalanın ilk Balıq Festivalı bölgənin balıqçılıq ənənəsinin və turizm imkanlarının tanıdılması baxımından uğurlu və rəngarəng bir layihə kimi yaddaşlara yazıldı.
Seyran CAVADOV,
"Azərbaycan"