AZ

Cəsarət Hüseynzadə: “Ən zəif həlqə məhz qeyri-hökumət təşkilatlarıdır”

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində 9 dekabr tarixində Bakıda keçirilən Forumun III panelində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, əsas problemləri və 2026-cı il üçün gözləntilər barədə fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, Cəsarət Hüseynzadə bildirib ki, son illər vətəndaş cəmiyyətinin beynəlxalq müstəvidə əldə etdiyi uğurlar ümumi sektorun nüfuzunun və ictimai etimadın artmasına mühüm töhfə verib. Bununla yanaşı, QHT sədri qeyd edib ki, problemlər də kifayət qədərdir və belə tədbirlərdə bu problemlərin açıq şəkildə səsləndirilməsi vacibdir:

"Hazırda dövlət–özəl sektor–QHT üçbucağında ən zəif həlqə məhz qeyri-hökumət təşkilatlarıdır. Dövlət qurumları və özəl sektorun son illərdə gücləndiyi halda- əlbəttə bu yaxşı haldır, vətəndaş cəmiyyətinin nisbətən zəifləməsi əsasən maliyyə problemləri ilə bağlıdır. Əsas problem maliyyə dayanıqlığının olmamasıdır. Digər ciddi məsələ isə maliyyə qaynaqlarının şaxələndirilməsidir. Bu problem illərdir bizi narahat edir”.

Cəsarət Hüseynzadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanına əsasən 13 dövlət qurumuna qrant ayırmaq hüququ verilsə də, bu qurumların təxminən yarısı indiyədək bu hüquqdan istifadə etməyib. Bununla yanaşı, o vurğulayıb ki, bəzən QHT-lərin özləri də bu imkanları yetərincə müzakirə müstəvisinə qaldırmırlar:

“Məsələn, səhiyyə sahəsində xeyli sayda QHT fəaliyyət göstərir, lakin onların böyük hissəsi aidiyyəti dövlət qurumunun qrant vermək hüququnun olması məsələsini qaldırmırlar. Özəl sektorla əməkdaşlıq məsələsinə gəlincə qeyd edim ki, korporativ sosial məsuliyyət çərçivəsində ayrılan vəsaitlərin böyük hissəsi birbaşa özəl sektorun öz layihələrinə yönəldilir, bu maliyyə vətəndaş cəmiyyəti şaxələndirilmir. Bəzi dövlət qurumları da vətəndaş cəmiyyətinə aid olan fəaliyyətləri birbaşa özləri icra edirlər ki, bu da düzgün yanaşma deyil".

Cəsarət Hüseynzadə vurğulayıb ki, dövlət qurumları özəl sektoru və QHT-ləri birgə fəaliyyətə təşviq etməli, bu istiqamətdə stimullaşdırıcı mexanizmlər yaradılmalıdır:

“Korporativ Sosial Məsuliyyət sahəsində müsabiqələrin keçirilməsini, uğurlu nümunələrin dövlət səviyyəsində qiymətləndirilməsini və təbliğini vacib hesab edirəm. İlin sonunda yaxşı nümunələri ilə seçilən sektor nümayəndələri  qiymətləndirilməlidir. Eyni zamanda dövlət qurumları tərəfindən uğurlu fəaliyyəti ilə seçilən QHT-lər də qiymətləndirilməlidir.  Dövlətin etimad göstərdiyi QHT fəallarının və sosial təşəbbüslərin tanıdılması özəl sektorun da bu şəxslərlə əməkdaşlığa marağını artırar. 

2026-cı il üçün gözləntilərə gəlincə, yeni konsepsiyanın qəbulunda vətəndaş cəmiyyətinin fəal iştirakı vacibdir. Milli QHT Forumunun rəhbərliyi altında geniş müzakirələr aparılmalı və sektorun real tələbləri həmin konsepsiyaya daxil edilməlidir. Eyni zamanda, hesab edirəm daha çox təsir imkanları yaxşı olan layihələr və yekund adəyər zənciri yaradan layihələr üstünlük vermək lazımdır.”

 

Pərvanə Fərhadqızı

Seçilən
6
qht.az

1Mənbələr