AZ

Yaşma Bağlarında sakinlərin ciddi narazılığı: kanalizasiya və içməli su problemi illərdir həll olunmur

Yaşma Bağları ərazisində yaşayan sakinlər uzun müddətdir ki, həllini tapmayan ciddi infrastruktur problemlərindən əziyyət çəkdiklərini bildirirlər.

Ən böyük problemlərdən biri ərazidə kanalizasiya sisteminin ümumiyyətlə olmamasıdır. Sakinlər məcburiyyət qarşısında qalaraq həyətlərində şambo qazdırmaq məcburiyyətində qalırlar. Onlar ayda təxminən iki dəfə, hər dəfə 30–35 manat ödəməklə xüsusi texnika çağıraraq həmin çənləri boşaltdırırlar ki, bu da onlar üçün əlavə maliyyə yükü yaradır.

Digər ciddi problem içməli suyun olmamasıdır. Bildirilir ki, əraziyə keyfiyyətli içməli su xətti çəkilməyib və sakinlər məcbur qalaraq kanalın texniki suyundan istifadə edirlər. Bu isə həm sağlamlıq baxımından təhlükəlidir, həm də su təchizatının davamlı olmaması həyat şəraitini daha da çətinləşdirir. Xüsusilə yay aylarında günlərlə suyun kəsildiyi, qış aylarında isə uzunmüddətli fasilələrin olduğu qeyd olunur.

Bundan əlavə, Yaşma Bağlarında məhəllədaxili və ara yolların olmaması da sakinlərin gündəlik həyatına çətinlik yaradır. Palçıqlı və keçilməz yollar xüsusilə yağışlı havalarda nəqliyyatın və piyadaların hərəkətini faktiki olaraq mümkünsüz edir.

Sakinlər bildirirlər ki, ərazidə problemlər çox olsa da, onları ən çox narahat edən məsələlər kanalizasiya sisteminin olmaması, içməli su çatışmazlığı və yolların bərbad vəziyyətidir. Onlar aidiyyəti qurumlardan problemə ciddi yanaşılmasını və real tədbirlərin görülməsini tələb edirlər.

Seçilən
42
1
nocomment.az

2Mənbələr