BAKI,TurkicWorld
Rəqəmsal transformasiya, süni intellektin sürətli inkişafı, qlobal təchizat zəncirlərinin yenidən formalaşması və iqlim faktorlarının təsiri sənaye mühitində risklərin strukturunu tamamilə yenidən yazır.
TurkicWorld xəbər verir ki, bu fikirləri bu gün Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev Bakıda keçirilən Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.
O bildirib ki, reallıq bizdən daha çevik, daha qabaqcıl və daha məsuliyyətli qərarlar tələb edir.
"Bu gün sənaye təhlükəsizliyi yalnız texniki məsələ deyil. Bu, milli təhlükəsizliyin, sabitliyin, dayanıqlığın və ən əsası – insan həyatının qorunmasının əsas sütunlarından biridir. Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji kurs ölkədə təhlükəsizlik mədəniyyətinin yüksəldilməsini, risklərin minimuma endirilməsini və innovasiya yönümlü idarəetmənin gücləndirilməsini prioritet kimi müəyyən edir. Fövqəladə Hallar Nazirliyi bu kursu ardıcıl, kompleks və proaktiv şəkildə həyata keçirir".
V. Ağayev qeyd edib ki, innovativ monitorinq qurğuları, süni intellektə əsaslanan risk analizləri, avtomatlaşdırılmış istehsal prosesləri – bütün bunlar sənayenin gələcəyini müəyyənləşdirən əsas dayaqlardır.
"Bu transformasiyanın uğuru isə yalnız bir yolla mümkündür – dövlət və özəl sektorun güclü, səmərəli və etibarlı tərəfdaşlığı vasitəsilə. Bu baxımdan Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının fəaliyyəti və təşəbbüsləri ekosistemin davamlı inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Qarşıdakı illərdə qarşımızda böyük və iddialı hədəflər dayanır: təhlükəsizlik standartlarının beynəlxalq tələblərə uyğun yenilənməsi, yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi, rəqəmsal nəzarət infrastrukturunun genişləndirilməsi və – ən vacibi – təhlükəsiz davranış mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində möhkəmləndirilməsi",- deyə o əlavə edib.