Bakı, 10 dekabr, Günel Alıyeva, Səfiyar Məcnun, AZƏRTAC
Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq bu günlərdə ölkəmizdə müxtəlif silsilə tədbirlər keçirilir. Azərbaycan Milli Konservatoriyası və “Bizi birləşdirən mədəniyyət” İctimai Birliyinin birgə təşəbbüsü ilə reallaşan bugünkü tədbir də həmin ehtiramın bariz nümunəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Bizi birləşdirən mədəniyyət” İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov deyib.
“Mən böyük qürurla deyə bilərəm ki, çox şanslı gənc olmuşam. İlk peşəkar addımlarımı məhz Ulu Öndər Heydər Əliyevin qarşısında atmışam. 1995-ci ildən başlayan bu yol bu gün mənim akademik ifaçı kimi formalaşmağıma səbəb olub. Bu gün əldə etdiyim uğurların təməlində Ulu Öndərin o vaxt verdiyi xeyir-dua dayanır.
Düşünürəm ki, Ulu Öndərin ruhu şaddır. Ona görə ki, bu gün artıq torpaqlarımız azaddır və onun bizə miras qoyduğu müstəqil, qüdrətli Azərbaycanda yaşamaq və yaratmaq hər bir azərbaycanlı üçün böyük iftixar mənbəyidir. Əminəm ki, gələcək nəsillər də Azərbaycan musiqisini və mədəniyyətini layiqincə dünyanın müxtəlif ölkələrində təmsil edib təbliğ edəcəklər”, – deyə Əməkdar artist əlavə edib.