“Ayaks” “Arsenal”ın keçmiş müdafiəçisi Takehiro Tomiyasu ilə ilkin razılıq əldə edib.
Msport.az xəbər verir ki, tərəflərin hazırda müqavilənin son detallarını müzakirə etdiyi bildirilir.
Yaponiyalı futbolçunun Niderland təmsilçisi ilə 6 aylıq müqavilə imzalayacağı gözlənilir. Hazırda azad agent statusunda olan Tomiyasu son illərdə ciddi diz zədələri ilə mübarizə aparıb. Bu səbəbdən o, ötən mövsüm “Arsenal”ın heyətində cəmi 6 dəqiqə meydanda qala bilib. Müdafiəçinin əsas hədəfi formasını bərpa edərək Yaponiya millisi ilə DÇ-2026-da iştirak etməkdir.
Qeyd edək ki, “Ayaks” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda “Qarabağ”ın rəqiblərindən biridir. “Qarabağ” – “Ayaks” oyunu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.