AZ

“Neftçi”yə əcnəbinin baş məşqçi təyinatı müzakirələrə səbəb oldu – “Analiz yoxdur”

Ukraynalı mütəxəssis Yuri Vernidublanın "Neftçi" futbol klubuna baş məşqçi gətirilməsi tənqidlə qarşılanıb. Milli komandamızda yerli deyil, xarici mütəxəssislərə üstünlük verilməsi narazılıq yaradıb.

 

Bununla bağlı Pravda.az-a açıqlama verən Azərbaycan milli komandasının sabiq məşqçisi Ağasəlim Mircavadov deyib ki, hər bir işin analizi olmalıdır, əks halda, qələbə də olmayacaq.

 

“Altı-yeddi il ərzində "Neftçi"də görün neçə baş məşqçi dəyişib. Həddindən artıq çoxdur. Komandanı düzəltmək üçün məşqçiyə vaxt lazımdır. İstər yerli, istər xarici məşqçi olsun, qayda belədir. Bir də məşqçiyə inanmaq lazımdır. Adına yox, iş birliyinə. Komandanı necə qurur, başqa klublarda necə işləyib, hansı səbəbdən həmin klublardan çıxıb? Bütün bu analizlər olmalıdır ki, biləsən, hansı məşqçini komandaya gətirkmək lazımdır. Əfsuslar olsun ki, belə bir analiz yoxdur. Uzağı 6 ay, yaxud 1 il hansısa məşqçi ilə işləyirlər, sonra çıxarırlar. Anlaya bilmirəm ki, rəhbərliyin fikri nədir, hansı planı var, hansı yolla getmək istəyir. Bu, "Neftçi"dir, tarixi klubdur. Azərbaycanın ən qədim, sevilən klubudur. İnsanlar var ki, xarici məşqçilərə inanırlar, amma yerli məşqçilərə inananlar da var. Analiz etsək, 1992-ci ildən "Neftçi"də nə qədər qələbə qazanılıbsa, hamısı yerli məşqçilərin dövründə olub. İnternetdə bütün məlumatlar var. Bəs yerli məşqçiyə niyə inanmasınlar? Söhbət bundan gedir. Məlum şeydir, məşqçini dəvət ediblər. Kluba uğurlar arzu edirəm, amma rəhbərlik özü fikirləşməlidir ki, hansı yolla gedir, inkişaf hansı yoldadır? Təəssüf ki, biz bunu görmürük. Hətta klubda əvvəllər oynayan uşaqları - onlar mənim üçün uşaqlar olublar, bir yerə yığmaq, məsləhətlərinə qulaq asmaq lazım idi. Bütün klublar - Ukrayna, Rusiya, Türkiyə çempionatı olsun, öz köhnə oyunçularını dəvət edirlər, məsləhətləşirlər. Bizdə belə şey yoxdur. Elə bil ki, "Neftçi"də heç kim oynamayıb, ancaq indiyə qədər xaricilər oynayıblar. Mənim işlədiyim dövrdə "Neftçi"də şərait elə də yaxşı deyildi, amma hörmət var idi. Oyunçular da bir-birilərinə hörmət edirdilər, sevirdilər, istəkli idilər, baş məşqçiyə inanırdılar, baş məşqçi də onlara. Rəhbərlik də hər birinə inanırdı. Mən bunu hiss edirdim ki, arxamda rəhbərlik dayanıb. İndi eşitdiyimə görə, şərait çox yaxşıdır. İşləmək, hazırlıq görmək üçün yüksək səviyyədə şərait var, amma ortada heç bir nəticə yoxdur. Əsas da budur ki, yerli oyunçular çıxmır. Əvvəl var idi, inkişaf edirdilər, oynayırdılar. Hazırda isə yoxdur. Yadıma gəlir, "Neftçi"dən yığmaya birdən-birə altı-yeddi oyunçu gedirdi. İndi isə bir-iki nəfər gedir, ya getmir.  Hətta bu da sual altındadır", - o bildirib.

 

Qeyd: "Neftçi Yuri Vernidubla 1,5 illik müqavilə imzalayıb. Vernidub məşqçilik karyerası ərzində “Zarya” və “Krivbass” komandaları ilə Ukrayna çempionatının bürünc medalını qazanıb, “Şerif”lə isə iki dəfə Moldova çempionu olub. Bu ilin yanvarından klubsuz qalan təcrübəli məşqçi eyni zamanda Ukrayna ordusunda xidmət edib. O, 2022-ci ilin fevralında Rusiya ilə müharibə ba.layandan dərhal sonra orduya qoşulub və artilleriya briqadasında xidmət edib. Sonradan ona hərbi xidmətini məşqçilik fəaliyyəti ilə paralel davam etdirmək üçün xüsusi icazə verilib və o, ölkəsində məşqçiliyə davam edib.Ukrayna qanunlarına görə, 60 yaşı tamam olmayan kişilərin ölkədən çıxışına icazə verilmir. Lakin “Neftçi” ilə Ukrayna dövlət qurumları arasında aparılan danışıqlardan sonra gələn ay 60 yaşı tamam olacaq Vernidubun ölkədən çıxmasına rəsmi icazə alınıb. Məlumata görə, Vernidub “Neftçi”də aylıq 50 min dollar maaş alacaq.

 

Aytəkin Qardaşova

Tarix: 10 Dekabr 2025, 16:15   
Seçilən
17
pravda.az

1Mənbələr