AZ

Əməkdaşlıqda yeni mərhələ: Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu fəaliyyətini genişləndirir - Şərh

Bakı, 10 dekabr, AZƏRTAC

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələr daha da genişlənib. Şübhəsiz ki, burada ortaq kök, dil və din amilləri xüsusi rol oynayır. Bununla yanaşı, siyasi səviyyədə uzun illər ərzində bir-birinin fundamental maraqlarına zidd addımların atılmaması, həssas məsələlərdə qarşılıqlı diqqət ölkələrimiz arasında bu gün formalaşan münasibətlərin etibarlı və dayanıqlı xarakter almasına zəmin yaradıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov deyib.

O bildirib ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda son dövrdə əsas diqqət iqtisadi layihələrin genişləndirilməsinə yönəlib: “Bunun bir neçə mühüm səbəbi var. İlk növbədə, bu, təbii cazibə qüvvəsindən irəli gəlir. Xalqlar arasında münasibət səmimi və müsbətdir. Yəni, reallaşdırılan layihələr, sadəcə, iqtisadi canlanma məqsədi daşımır. Əsas məsələ odur ki, bu əməkdaşlığa yalnız dövlət təsisatları və siyasi iradə deyil, həm də cəmiyyətlər fəal şəkildə dəstək göstərir. Bu isə həyata keçirilən layihələrin daha uğurlu və dayanıqlı olmasına ciddi təkan verir. Bu hədəfləri sistemli şəkildə çərçivəyə salmaq istiqamətində böyük və cəsarətli addımlar atılır.

Xüsusilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu diqqət çəkir. Fond Azərbaycan hökuməti ilə Qırğızıstan Nazirlər Kabineti arasında 2022-ci il 11 oktyabr tarixli müqavilə əsasında yaradılıb və ilkin nizamnamə kapitalı 25 milyon dollar müəyyən edilib. Fondun əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etməkdir. Genişlənən perspektivlər fonunda Qırğızıstan Prezidenti Sadir Japarovun 2024-cü il aprelin 24-də Azərbaycana dövlət səfəri zamanı Fondun kapitalının 100 milyon dollara qədər artırılması barədə müqavilə də imzalandı. Fond yalnız iki ölkə arasında layihələri maliyyələşdirmir, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığı prioritet kimi müəyyənləşdirir. Bu, Fondun strategiyasının uzunmüddətli perspektivə hesablandığını göstərir. Belə əməkdaşlıq iqtisadiyyatın müasirləşdirilməsi, dayanıqlı inkişaf və regionların strateji inteqrasiyasına güclü təsir göstərəcək. Xüsusilə maliyyə xidmətlərində texnoloji yeniliklərin tətbiqi– mobil bankçılıq, rəqəmsallaşma, onlayn investisiya və digər sahələrin inkişafı – müasir çağırışlara adekvat reaksiyadır.

İnvestisiya layihələrinin seçilməsi yüksək diqqət və analitik təhlillə aparılır. Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun fəaliyyəti, eyni zamanda, Qırğızıstanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə verir, bu da yoxsulluğun azaldılmasına və həyat standartlarının yüksəlməsinə xidmət edir”.

Deputat qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı, su təchizatı, səhiyyə, tekstil, turizm, enerji, nəqliyyat, mənzil tikintisi, ticarət, istehsal, mədənçilik və metallurgiya kimi ənənəvi sahələr üzrə əməkdaşlıq artıq formalaşıb: “Bundan sonra informasiya texnologiyaları, elm, tədqiqat və yüksək texnologiyalar üzrə investisiyaların artırılması da gündəliyin tərkib hissəsi olacaq. Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu tərəfindən Qırğızıstanda iki mühüm layihənin maliyyələşdirilməsinə başlanılıb. Belə ki, 9 meqavat gücündə kiçik su elektrik stansiyasının və 300 yeni iş yeri yaradacaq müasir çoxfunksiyalı tikiş fabrikinin tikintisi nəzərdə tutulur. Bu layihələr münasibətlərin iqtisadi əsasda daha dayanıqlı inkişafına və cəmiyyətlərarası inteqrasiyanın güclənməsinə xidmət edəcək. Layihələrin maliyyələşdirilməsi üçün müvafiq qərarlar Bakıda keçirilmiş Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Şurasının dördüncü iclasında təsdiqlənib. Hər iki layihənin birgə maliyyələşdirilmə məbləği 12,4 milyon dollar təşkil edir və plan üzrə Qırğızıstan ərazisində həyata keçiriləcək”.

Azər Badamov onu da qeyd edib ki, dekabrın 7-də Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirdi ki, Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyasının iclası Bakıda keçiriləcək. Dövlətimizin başçısının gündəliyin əhatəli olduğunu vurğulaması işlərin artıq yüksək dinamika ilə aparıldığını göstərir.

“Qırğızıstanın Qarabağın və Şərqi Zəngəzurun bərpasına göstərdiyi dəstək isə münasibətlərin humanitar və mənəvi tərəfini daha da gücləndirir. Ağdamın Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəb binasının inşası Qırğızıstanın dostluq jestidir və Prezident İlham Əliyev buna görə Prezident Sadir Japarova və qırğız xalqına təşəkkür edib.

Azərbaycan regionda iqtisadi açılım prosesinə start verib və bunu davam etdirir. Mərkəzi Asiya ilə qurulan münasibətlər təkcə iki ölkə arasında deyil, iki geniş region arasında iqtisadi, siyasi və strateji əlaqələrin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Fasiləsiz yükdaşımaları və logistika layihələri xalqlar arasında etimad mühitini gücləndirəcək və inteqrasiya prosesini daha da sürətləndirəcək. Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrinə səfərini səbirsizliklə gözlədiklərini deməsi ondan xəbər verir ki, Azərbaycan etibarlı tərəfdaş olmaqla yanaşı, dövlətimizin başçısının strateji baxışına böyük ehtiyac duyulur”,-deyə A.Badamov əlavə edib.

Seçilən
39
azertag.az

1Mənbələr