AZ

Azərbaycanla Avropanın dövlətləri arasında ikitərəfli siyasi dialoq və tərəfdaşlıq münasibətləri davamlı inkişaf edir RƏY

Bakı, 10 dekabr, AZƏRTAC

Uğurlu xarici siyasət, ölkəmizin dinamik inkişafı, regional və qlobal əməkdaşlığa davamlı töhfələr verməsi Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb. O cümlədən respublikamızla Avropa İttifaqı məkanına daxil olan ölkələr arasında münasibətlər keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Dekabrın 8-də Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Azərbaycanla Avropanın ayrı-ayrı dövlətləri arasında ikitərəfli siyasi dialoq və tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. İndiyədək Azərbaycanla Avropa İttifaqı üzvü olan bir sıra dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Eyni zamanda, ikitərəfli iqtisadi əlaqələr də qənaətbəxşdir. Respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İttifaqın region ölkələri ilə ticarət dövriyyəsinin üçdə ikisi Azərbaycanın payına düşür.

Milli Məclisin deputatının sözlərinə görə, Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri, səfər zamanı müzakirə olunan məsələlər daha bir Avropa ölkəsi ilə yüksək əlaqələrimizin inkişafının göstəricisidir. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən ilin mayında Bakıda Slovakiya və Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Bəyannamə Azərbaycan-Slovakiya gələcək əməkdaşlığının perspektivlərini müəyyən edir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu məsələ də liderlərin görüşü zamanı diqqət mərkəzində oldu. Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandum imzalanıb. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Yalnız ötən il Azərbaycan Avropa İttifaqı ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Ölkəmizin, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək.

Sevinc Fətəliyeva qeyd edib ki, iki ölkə arasında müdafiə sənayesi və hərbi sahədə də əməkdaşlıq diqqət mərkəzində olub. Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də bu, texnoloji inkişafın da bir qolu olaraq ölkəmiz üçün böyük faydalar verəcək. Hər iki ölkənin lideri bu istiqamətdə müvafiq layihələrin reallaşmasını dəstəkləyiblər. Eyni zamanda, Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işinə qoşulması dost münasibətdir. Belə ki, Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra olunur. Bu fakt həm böyük rəmzi məna daşıyır, həm də qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafının göstəricisidir.

“Bütövlükdə, Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasında əlaqələrin gücləndirilməsinin göstəricisi olmaqla yanaşı, dövlətimizin beynəlxalq miqyasda artan nüfuzunun ifadəsidir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Seçilən
120
5
azertag.az

8Mənbələr