AZ

Azərbaycan ilə Slovakiya arasında diplomatik münasibətlər sistemli şəkildə inkişaf edir ŞƏRH

Bakı, 10 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri həm iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin, həm də bütövlükdə Azərbaycanın xarici siyasət uğurlarının təqdimatı oldu. Azərbaycanın möhkəmlənən iqtisadi və siyasi mövqeyi bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Azərbaycan-Slovakiya münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməklə qarşılıqlı etimad mühitinin qorunmasının prioritetliyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə, siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət edir. Slovakiya-Azərbaycan əməkdaşlığının regionun inkişafına töhfələri davamlıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər iki ölkənin münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini yaratdı: “Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini, həmçinin Slovakiyanın Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə, Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək görüşü oldu. Görüşlərdə Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirildi. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə, bu il isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edildi”.

Malik Həsənov vurğulayıb ki, iqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas prioritetlərdən biridir: “Konkret layihələr əməkdaşlığın real nəticələrini göstərir. Belə ki, 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi üzrə müqavilə imzalanıb və işlər artıq başlanıb. Bu layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək. Slovakiyanın Avropa İttifaqındakı rolu və sənaye potensialı da Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. “Volkswagen”, “Kia” və “Stellantis” kimi transmilli şirkətlərin sərmayələri Slovakiyanı Avropa və dünya avtomobil istehsalında lider ölkələrdən birinə çevirib. Adambaşına düşən avtomobil istehsalı Slovakiyanın sənaye qovşağı kimi vacib rolunu göstərir və ölkənin Avropa İttifaqında iqtisadi siyasətinin dayanıqlığını sübut edir. Bu isə Azərbaycana iqtisadi əməkdaşlıq baxımından geniş və perspektivli imkanlar təqdim edir. Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarında bu məsələlərə xüsusi diqqət yönəltdilər. Ötən il Slovakiya və Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və onun imzalanmasından sonra bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilib və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Azərbaycanın zəngin qaz yataqları bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaq”.

Deputat bildirib ki, ölkələr arasında əlaqələrin inkişafında imzalanan sənədlər əhəmiyyətli rol oynayır: “Prezident İlham Əliyevin səfəri çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Slovakiya Respublikasının Mədəniyyət Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Slovakiya Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” imzalanıb. Dövlətimizin başçısı İlham Əliyevin səfərini Slovakiya Prezidenti belə dəyərləndirdi: “Bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Bu, bizim qarşılıqlı marağımızı ən yüksək səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik”.

Malik Həsənov qeyd edib ki, Avropa İttifaqı kontekstində Slovakiya-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir: “Azərbaycan üçün Avropa İttifaqı artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Yalnız ötən il Azərbaycan Avropa İttifaqı ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi, TANAP və TAP vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur”.

Deputat vurğulayıb ki, Azərbaycan tarixi Zəfərinin və suverenliyinin tam bərpasının fonunda yeni reallıqlar yaratdı. Regionda yaranmış yeni geosiyasi reallıqlar Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əhəmiyyətini daha da artırır. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır. Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.

Seçilən
41
5
azertag.az

10Mənbələr