2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 5.5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1 faiz, qeyri-qida malları üzrə 2.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.7 faiz artıb.
Qaziler.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.7 faiz yüksəlib.
2025-ci ilin noyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.4 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.9 faiz artıb.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın, armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın, alkoqollu içkilərin qiymətlərində müşahidə olunub. Ucuzlaşma isə makaronun, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun, yerkökünün qiymətlərində baş verib. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.
2025-ci ilin noyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.6 faiz artıb.
Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma isə şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Bu ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.6 faiz yüksəlib. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibb, mərkəzləşdirilmiş istilik təchizatı və bərbərxana xidmətləri, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri üzrə müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.