
"Əziz Balam" Körpələr Evi-Uşaq Bağçasının rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, Bakı Kommersiya Məhkəməsinin hakimi İlkin Əliyev bununla bağlı qətnamə çıxarıb.
İş materiallarından aydın olur ki, "Əziz Balam” Körpələr Evi-Uşaq Bağçasının dövlət büdcəsinə 4 678,29 manat borcu olub. Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib.
Qurum ərizəsində borc ödənilənədək bağça müdirinin ölkədən çıxışının məhdudlaşdırılmasını istəyib. Məhkəmə araşdırmasından sonra idarənin ərizəsi təmin edilib.
"Əziz Balam” Körpələr Evi-Uşaq Bağçası vergi sistemində "Əziz Balam” Körpələr Evi-Uşaq Bağçası” MMC kimi qeydiyyatdadır. Reyestr məlumatlarından aydın olunur ki, MMC 15 mart 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Yusifova Dilarə Sahib qızıdır. MMC-nin hazırda 508 manat vergi borcu var.