“Bu cür dinamik oyunlar nadir hallarda olur. Çempionlar Liqasında istənilən nəticə qeydə alına bilər. “Ayaks” beş oyunda bacarmadığını Bakıda reallaşdırdı. Onlar topla oynamağı yaxşı bacarırlar. Bərabərlik haqqında düşünmürdük. Yalnız qələbəyə köklənmişdik. Azarkeşlərə təşəkkür edirəm. Stadionda əsl futbol havası var idi. Sadəcə, nəticə bizim istədiyimiz kimi olmadı”.
Azreform.info xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubuna 2:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Q.Qurbanov qısa zaman ərzində matça hazırlaşdıqlarını xatırladıb. “Dünən daha yaxşı oyuna hazırlaşdıq. Birinci və ikinci qollarda səhvlər oldu. Qol epizodlarımız çox idi. Bunlardan rəqib daha yaxşı istifadə etdi. Meydana sonradan girən futbolçulardan tam razı qalmadım. Düzünü desəm, meydançanın su olması da oyunçuların performansını təsir etdi.
Hər iki komanda cəsarətli futbol oynadı. Mən oyundan həzz aldım. Paltardəyişmə otağında futbolçular məyus idilər. Onları toparlayıb, gələcək görüşlərə hazırlaşacağıq”, - deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, “Ayaks”ın akademiyası Azərbaycan futbolunun şəraitindən böyükdür: “Mən bəzi böyük futbol klublarının akademiyalarında olmuşam. Oradakı vəziyyət tam başqadır. Bizim U-19 komandasında çıxış edən oyunçuların yaşları da azdır”.
Baş məşqçi Nəriman Axundzadənin oyununa da toxunub: "Onunla bağlı çox müzakirələr gedir. Özüm də nə deyəcəyimi bilmirəm. Hansısa fikir bildirsəm, azarkeşə qarşı çıxmış olacağam. Daha yaxşı oynaya bilərdi. Bu, sonradan meydana girən digər futbolçulara da aiddir. Bəlkə də həddindən artıq istəkli olmağımız bizi yordu".
Qurban Qurbanov həmçinin bildirib ki, "Ayaks"la oyunda futbolçularından razı qalıb.