Xalqımızın böyük oğlu, müasir Azərbaycanın memarı, Ümummilli Liderimiz Heydər Əliyevin dünyasını dəyişməsindən 22 il ötür. Ulu Öndərimizin Fəxri xiyabanda dəfn edildiyi 2003-cü ilin dekabr günlərini yaxşı xatırlayıram. Həmin günlərdə Azərbaycanın uzaqdan-yaxından, hər yerindən yüz minlərlə insan, uşaqdan-böyüyədək hər kəs sübh çağlarından gecə saatlarınadək Fəxri xiyabana gələrək Heydər Əliyevə özlərinin sonsuz məhəbbətlərini və minnətdarlıqlarını bildirir, Uca Tanrıdan rəhmət diləyir və dualar oxuyurdu.
Həmin vaxtdan Heydər Əliyevin məzarı ümumxalq ziyarətgahına çevrilmişdir. 22 il ərzində Azərbaycan xalqı bir an belə Ulu Öndəri unutmamış, insanlar hər zaman onun məzarını ziyarət etmişdir. Müxtəlif ölkələrdən respublikamıza gələn qonaqlar da Ulu Öndərin məzarını ziyarət edirlər. Bütün bunlar Heydər Əliyevin öz xalqına nə qədər ürəkdən bağlı olduğunu və xalqının da onu nə qədər böyük məhəbbətlə sevdiyini nümayiş etdirən həqiqətin təzahürüdür. Xalqının ona olan sonsuz məhəbbəti dünyanın mütərəqqi insanlarının da Ulu Öndərimizə olan hüsnü-rəğbətini və hörmətini gündən-günə artırmaqda davam edir. Heydər Əliyevə olan ümumxalq məhəbbəti təbiidir!
Azərbaycan xalqı xoşbəxtdir ki, o, XX əsrdə bəşəriyyətə Corc Vaşinqton, Franklin Ruzvelt, Şarl De Qoll, Cavahirlər Nehru və Mustafa Kamal Atatürk şəxsiyyətləri ilə bir sırada duran Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişdir.
10 may 2023-cü ildə Naxçıvanda sadə və zəhmətkeş Əlirza kişinin ailəsində dünyaya göz açmış bu böyük insan, dahi şəxsiyyət öz qabiliyyəti, bacarığı, zəhmətkeşliyi, möhkəm iradəyə və əqidəyə, prinsipiallığa malik olması, dönməz mübarizliyi bahasına bütün çətinliklərə sinə gərərək, keçmiş SSRİ kimi fövqəl bir dövlətin rəhbərlərinin ön sırasına çıxmış, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksələ bilmişdir. Onun bu vəzifəyə yüksəlməsinə ağız büzən bəzi nadanlara, millətin düşmənlərinə cavab olaraq Ulu Öndər demişdir: "Mən on il Moskvada yaşadım, özü də ən yüksək vəzifədə işlədim. Azərbaycan xalqının, müsəlman aləminin tarixində nə keçmiş rus imperiyası dövründə, nə də Sovet İttifaqının hakimiyyəti zamanı o cür zirvəyə çatan azərbaycanlı olmamışdır. Bu da tarixdir. Bəziləri deyirlər ki, Heydər Əliyev Siyasi Büronun üzvü olubdur və sairə. Bəli, olmuşam. Mən bununla fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam, Azərbaycan xalqını Kremlin sarayında qaldırmışam. Bununla fəxr edirəm. Mən orada on il yaşadım, ancaq mənim ürəyimdə, gecəm də, gündüzüm də Azərbaycanla olub. Çünki, Azərbaycan mənim vətənim, torpağımdır".
"Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ulu Öndər Heydər Əliyev nəinki xalqımızın, həm də bütünlükdə müsəlman aləminin, türk dünyasının fəxridir. Mən fəxr edirəm ki, 1995-1998-ci illərdə onun təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyasının üzvü olarkən bu dahi şəxsiyyətlə yaxından təmasda olmuş, ondan ünvanıma xoş sözlər eşitmiş və o, məni ədalətli adam adlandırmışdır. Mən həm də fəxr edirəm ki, 55 ildən artıqdır (1969-2025-ci illər) bu dahi şəxsiyyətin təbliğatçısıyam. Bu missiyamı həm Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci və ikinci dövrlərində, həm 1982-1987-ci illərdə Moskvada SSRİ rəhbərliyində fəaliyyət göstərdiyi illərdə, həm də 1987-1993-cü illərdə həyata keçirmiş, bütün elmi yaradıcılıq fəaliyyətimdə həmişə Ulu Öndərin ideyalarını əsas götürmüş, bir an belə ondan uzaqlaşmamışam.
Keçmiş ittifaqın hər yerində, o cümlədən istər Moskvada və Sankt-Peterburqda, Kiyevdə və Minskdə, Aşqabadda və Daşkənddə, istərsə də Bakı şəhərində və respublikamızın regionlarında keçirilmiş onlarca simpozium, elmi konqres, konfrans və seminarlardakı məruzə və çıxışlarımda Ulu Öndərin ideyalarını rəhbər tutmuş, ona əsaslanmışam. Sonrakı dövrdə ölkəmizin sosial-iqtisadi inkişafında, müstəqilliyimizin qorunub saxlanılmasında onun ideyalarının əhəmiyyətini vurğulamışam.
Ulu Öndərin ilk dəfə respublikamıza rəhbərliyə gəlişi ərəfəsində, yəni keçən əsrin 60-cı illərinin ikinci yarısında Azərbaycan Respublikasının iqtisadiyyatı bütünlükdə dərin böhran içində idi və və keçmiş ittifaq respublikaları arasında axırıncı yerlərdə dayanırdı. Yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişikliklər aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində yeni metod və mexanizmlər tapılmalı və tətbiq edilməli idi. Bu çətin və mürəkkəb vəziyyətin yerinə yetirilməsi məsuliyyəti 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nin Birinci katibi vəzifəsinə seçilmiş Heydər Əliyevin üzərinə düşdü. Heydər Əliyev ölkə rəhbəri seçildikdən cəmi
21 gün sonra onun təşəbbüsü və rəhbərliyi ilə "5" avqust 1969-cu il tarixdə Azərbaycan KP MK-nın məşhur avqust plenumu öz işinə başladı. Ulu Öndərin həmin plenumdakı məruzəsində Azərbaycanın xalq təsərrüfatında yaranmış böhranlı vəziyyət və onun uzun illərboyu geridə qalması səbəbləri hərtərəfli təhlil edilərək aşkara çıxarılmış və ondan çıxış yolları müəyyənləşdirilmişdir. Heydər Əliyev çox yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyi onun iqtisadi azadlığından keçir. Ona görə də onun rəhbərliyi və bilavasitə iştirakı ilə uzun müddətə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası işlənib hazırlanaraq həyata keçirilməyə başlandı və beləliklə, Azərbaycanın tarixində yeni inkişaf dövrünün təməli qoyuldu.
Ulu Öndər respublikamıza rəhbərlik etdiyi birinci dövrdə Azərbaycanın iqtisadi-sənaye, kənd təsərrüfatı və enerji potensialı ilə yanaşı, böyük və qüdrətli elmi-intellektual kadr potensialının da yaradılmasına nail olmaqla, onun müstəqil dövlət kimi yaşaması və dünya miqyasında tanınmasının, siyasi və iqtisadi müstəqilliyinin, sistemli şəkildə artıb inkişaf edən xarici-iqtisadi əlaqələrinin formalaşmasının, dünya iqtisadiyyatına dərindən və inamla inteqrasiya olunmasının əsasını qoymuş və strateji istiqamətlərini müəyyənləşdirmişdir. Həmin illər baş verən dəyişikliklərin miqyası, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakteri və xalqın həyat səviyyəsinin yüksəlməsi baxımından Azərbaycanın quruculuq tarixində çox mühüm yer tutur. Ulu Öndərin keçmiş ittifaqda olan nüfuzu sayəsində SSRİ hökuməti bir-birinin ardınca - 1970-ci, 1975-ci və 1976-cı illərdə Azərbaycan Respublikası ilə bağlı xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan və xalqımızın həyatında sözün əsl mənasında tarixi əhəmiyyəti olmuş beş xüsusi qərar qəbul etmişdir. Heydər Əliyevin rəhbərliyi ilə bu qərarlar müvəffəqiyyətlə yerinə yetirilmiş, nəticədə Azərbaycan Respublikası İkinci Dünya müharibəsindən sonrakı dövrdə ilk dəfə olaraq doqquzuncu və onuncu beşilliklər üçün nəzərdə tutulmuş bütün xalq təsərrüfatı planlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirməyə nail olmuş və ittifaq respublikaları arasında ən qabaqcıl yer tutaraq, 12 il ardıcıl olaraq o dövrdə sovet dövlətinin ən yüksək mükafatı sayılan SSRİ-nin Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur.
Həmin illər ərzində respublikamız böyük uğurlara nail olmuş və iqtisadi artım sürətinə görə orta ittifaq səviyyəsini xeyli ötüb keçmişdir. Azərbaycanda istehsal olunmuş milli gəlirin həcmi 2,5 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,3 dəfə, əhaliyə göstərilən xidmətlərin həcmi isə 2,9 dəfə artmışdır. Fəxr etməli haldır ki, həmin illərdə respublikamızın vətəndaşlarının 1 milyon 95 min nəfərindən çoxu keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə, o cümlədən 1007 nəfəri "Lenin", 10 min 130 nəfəri "Qırmızı əmək bayrağı", 1422 nəfəri "Oktyabr inqilabı", 1153 nəfəri "Xalqlar dostluğu" ordenləri ilə təltif edilmişdir. 108 nəfər, onlardan bir neçə nəfəri isə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. İki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülənlərdən biri də Ulu Öndərimiz olmuşdur.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda elmin inkişafına və elm adamlarına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. O demişdir: "Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qadir adamlar gəlsinlər. Ölkəmizdə elmi işçilərin əməyi şərəflidir, onlara ehtiram göstərilir, onlar layiqli nüfuz qazanmışlar... odur ki, bizim hər bir tədqiqatçı qarşısında yüksək tələblər qoymağa haqqımız vardır. Elmi-texniki tərəqqinin sürətlənməsi uğrunda yaradıcı mübarizənin önündə getmək, tədqiqat nəticələrinin praktikada, istehsalatda tətbiqi müddətinin qısaldılmasına, mütərəqqi texniki yeniliklərin öyrənilməsinə öz əsərləri, kəşfləri ilə kömək etmək alimlərin borcudur".
Ulu Öndərin alimlərimiz qarşısında qoyduğu proqram xarakterli vəzifələr onlar tərəfindən birmənalı şəkildə qəbul edilmiş və yüksək vətənpərvərlik hissi ilə yerinə yetirilmişdir. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə respublikamızın alimlərinin əldə etdiyi nailiyyətlərini ondan görmək olar ki, əgər Azərbaycan Elmlər Akademiyasının yarandığı 1945-ci ildən keçən 25 il ərzində (1945-1970-ci illər) SSRİ EA-nın mühüm nailiyyətləri sırasına Azərbaycan alimlərinin 170 elmi nəticəsi daxil edilmişdirsə, 1971-1980-ci illəri əhatə edən cəmi 9 il ərzində həmin elmi nəticələrin sayı 486-ya çatmış və ya 2,9 dəfədən çox (285,9 faiz) artmışdır. Bu illər ərzində respublika alimləri Moskvanın, Leninqradın və bir çox başqa şəhərlərin institutları və elmi idarələri ilə 252-dən artıq kompleks elmi tədqiqat və elmi-texniki proqramın yerinə yetirilməsində iştirak etmiş, istehsalata 425 min ixtira və səmərələşdirici təkliflər tətbiq etmiş, 6200 yeni növ maşın, cihaz, avadanlıq və sairə yaratmışlar ki, onların da 450-si keçmiş SSRİ-də ilk dəfə bizim respublikamızda hazırlanmışdır. Təsadüfi deyildir ki, Azərbaycan EA ilk dəfə olaraq 1975-ci ildə "Xalqlar dostluğu" ordeni ilə təltif edilmiş və bu yüksək mükafatı alimlərimizə Ulu Öndərimizin özü təqdim etmişdir. Bu dövrdə Azərbaycan alimlərinin nailiyyətləri beynəlxalq miqyasda yüksək qiymətləndirilmiş və xeyli sayda görkəmli elm adamı Dövlət mükafatlarına, o cümlədən 5 nəfər "Lenin" mükafatına, 14 nəfər SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
1969-1982-ci illərdə Azərbaycan EA-da çalışan işçilərin sayı 1,9 dəfə artaraq 7892 nəfərdən 15072 nəfərə, o cümlədən elmi işçilərin sayı 145,6 faiz artaraq 3431 nəfərdən 4995 nəfərə, elmlər doktorlarının sayı 1,5 dəfədən çox artaraq 188 nəfərdən 285 nəfərə, elmlər namizədlərinin sayı isə 1,6 dəfədən çox artaraq 1275 nəfərdən 2068 nəfərə çatmışdır.
Ulu Öndərin ilk dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə onun ən böyük xidmətlərindən biri də ölkəmiz üçün əlahəddə əhəmiyyəti olan yüksəkixtisaslı kadrların, xüsusilə milli kadrların hazırlığına son dərəcə ciddi fikir verməsi və qayğı göstərməsindən ibarətdir. Bu illərdə Azərbaycanda ali məktəblərin sayı 12-dən 17-yə, orada təhsil alanların sayı isə 70 min nəfərdən 100 min nəfərə, xalq təsərrüfatında çalışan mütəxəssislərin sayı 2,2 dəfə artaraq 274 min nəfərdən 606,2 min nəfərə, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 171 min nəfərdən 182,1 min nəfərə, həmin təhsil müəssisələrini bitirən mütəxəssislərin sayı isə 139,2 faiz artaraq 31,9 min nəfərdən 44,4 min nəfərə çatmışdır. Bu illərdə Moskvanın, Leninqradın, Kiyevin və digər şəhərlərin 170 aparıcı elm və təhsil müəssisələrinə 3500 nəfər azərbaycanlı gənc göndərilmişdir. Ötən əsrin 70-ci illərinin axırlarında hər il üçün bu rəqəm 700-800 nəfər, 1980-ci ilin əvvəlində isə 1000-1400 nəfər təşkil etmişdir. 1981-ci ildə Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərdə 244 ixtisas üzrə təhsil alanların sayı 3600 nəfəri ötüb keçmişdir. 1972-ci ildən başlayaraq müxtəlif hərbi məktəblərə də hər il 300-400 nəfər, 1980-ci ildən isə 800-1000 nəfər azərbaycanlı gənc təhsil almağa göndərilmişdir. Təəssüflə qeyd edilməlidir ki, 1988-1993-cü illərdə Azərbaycana rəhbərlik etmiş səriştəsiz adamların fəaliyyətsizliyi üzündən Ulu Öndərin rəhbərliyi dövründə ölkəmizdə yaradılmış böyük iqtisadi potensial ilbəil dağıdılıb talan edilməyə başlanmış və 1991-1993-cü illərdə Azərbaycan "ölüm ya olum" dilemması qarşısında qalmışdır. Respublikamızın ağır vəziyyətə düşdüyü 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışı Azərbaycanı və bütünlükdə xalqımızı fəlakətdən xilas etdi və dövlətimizin qurtuluşu başlandı. Ulu Öndərin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edildi, yeni neft strategiyası işlənib hazırlandı, "Əsrin müqaviləsi" imzalandı, qədim İpək yolunun bərpası və bu məqsədlə TRASEKA proqramı həyata keçirilməyə başlandı. Dünyanın bir çox ölkəsi ilə iqtisadi əlaqələrimiz yarandı, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.
Ulu Öndərin ən böyük tarixi xidmətləri arasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi və Azərbaycanın "Şərq-Qərb" nəqliyyat dəhlizinin iştirakçılarından birinə çevrilməsi xüsusi yer turur. Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində 1989-cu ildən ötən dövr ərzində ilk dəfə olaraq 1996-cı ildən başlayaraq iqtisadiyyatda dirçəliş baş verdi və əhalinin pul gəlirlərinin artım səviyyəsi qiymətlərin artım səviyyəsini üstələdi. 1993-2003-cü illərdə respublikamızda 3 minə qədər yeni sənaye müəssisəsi açıldı və onların sayı 2003-cü ilin əvvəlində 5202-yə gəlib çatdı. "Açıq qapı" siyasəti nəticəsində həmin illərdə ölkəmizdə fəaliyyət göstərən xarici və müştərək müəssisələrin sayı 3 dəfədən çox artdı.
Ulu Öndərin ən böyük xidmətlərindən biri də onun Azərbaycan elminə və onun məbədgahı sayılan Elmlər Akademiyasına daim hamilik etməsi, bu elm mərkəzinə dünya şöhrəti qazandırması və onun bağlanmasının qarşısını almasıdır. Heydər Əliyev 1997-ci ilin 31 yanvarında Prezident sarayında Elmlər Akademiyasının üzvləri ilə görüşündə deyib: "XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir... Biz bununla fəxr edirik. Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elm müəssisəsidir. Biz akademiyanın hörmətini qoruyub saxlamalıyıq. Heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksəksəviyyəli elmi-tədqiqat institutlarımız yaranan cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz. Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir, onu qoruyub saxlamaq lazımdır. Akademiyanın indiyə qədər, əlli ildən də artıq yaşadığı müddətdə topladığı təcrübə bizim üçün əzizdir, bunu qorumalı, saxlamalıyıq".
Heydər Əliyevin 2001-ci il 15 may tarixli "Azərbaycan Milli Elmlər Akademiyası haqqında" fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına ən yüksək ali dövlət elmi təşkilatı statusunu verməsi, habelə elmlər namizədi və elmlər doktoru elmi dərəcəsinə görə vəzifə maaşlarının 5 dəfə, akademiyanın həqiqi və müxbir üzvlərinin rütbə maaşlarının və bütünlükdə əməkdaşların maaşlarının yüksək dərəcədə artırılması, maddi-texniki bazanın və əməkhaqqı fondunun artırılması ilə bağlı fərman və sərəncamlar elmin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bütün bunlara görə biz elm adamları Heydər Əliyevə hər zaman minnətdarıq.
Biz Ulu Öndərimizə bir də ona görə minnətdar olmalıyıq ki, o, 2003-cü ilin prezident seçkilərində özünün yetirməsi cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini irəli sürmüşdür. Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına müraciət edərək demişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməkliyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
2003-cü ilin prezident seçkilərində xalqımızın mütləq əksəriyyəti İlham Əliyevə səs verərək onu özünə prezident seçdi. Cənab İlham Əliyev oktyabrın 31-də dövlətə və xalqa sədaqət andı içərək dedi: "Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin Azərbaycanı gücləndirəcək, dirçəldəcək, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".
Prezident İlham Əliyev xalq və dövlət qarşısında üzərinə götürdüyü çox şərəfli, şərəfli olduğu qədər də çətin və mürəkkəb vəzifələrin öhdəsindən bacarıqla və layiqincə gələrək, qarşıda dayanan bütün strateji vəzifələri uğurla reallaşdırdı. Ötən 22 il ərzində Prezident İlham Əliyev Heydər Əliyevin müəyyən etdiyi iqtisadi yüksəliş strategiyasını daha da inkişaf etdirərək Azərbaycanı dünyanın lider dövlətləri sırasına, onun iqtisadi inkişaf səviyyəsinin isə keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına nail olmuşdur. Bunun üçün Prezident İlham Əliyev qətiyyətli tədbirlər görmüş, dövdət proqramlarını təsdiq etmişdir.
Azərbaycan xalqı 2003-cü ildən keçən dövrdə - 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə də keçirilmiş prezident seçkilərində yekdillik göstərərək, cənab İlham Əliyevi özünə Prezident seçmişdir. İlham Əliyevin özünün də dediyi kimi, Azərbaycan heç zaman indiki kimi güclü olmamışdır. Azərbaycan tərəqqi və sabitlik ölkəsi kimi dünyada şöhrət tapıb. Prezident İlham Əliyev isə dünya liderləri arasında sayılıb-seçilən, yüksək intellektli, praqmatik düşüncəli, uzaqgörən siyasətçi və qətiyyətli dövlət başçısı kimi qəbul edilir.
Prezident İlham Əliyevin dövlət və xalq qarşısında ən böyük tarixi xidməti isə torpaqlarımızı işğaldan azad etməsidir. Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarımız azadlığa qovuşdu, tarixi ədalət bərpa olundu. Bu gün xalqımız dünyada qalib xalq, Prezident İlham Əliyev Müzəffər lider kimi tanınır.
Bütün bunlara görə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə hər zaman minnətdarlıq edir, ruhuna dualar oxuyur, Uca Tanrıdan rəhmət diləyir. Qoy məzarı nurla dolsun!
Şahbaz MURADOV,
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor