12 dekabr — Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə biz Azərbaycan dövlətçiliyinin formalaşmasında müstəsna xidmətləri olan Ulu Öndərin siyasi irsini yenidən dəyərləndiririk. Bu məqsədlə QHT.az olaraq ziyalı xanımlara bir sualla müraciət etdik:
“Sizcə, Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlətçilik irsi bu gün Azərbaycan cəmiyyətinə hansı əsas mesajı verir?”
Bu suala cavab olaraq tanınmış ziyalı xanımlar - Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Əməkdar jurnalist Mətanət Ağamirli, t.ü.f.d. Günel Aslanlı, Tibb üzrə fəlsəfə doktoru, dosent, Afət Həsənova öz baxışlarını, düşüncələrini bölüşürlər.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva:
"Heydər Əliyev (1923–2003) XX əsrin sonu və XXI əsrin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında dərin iz qoymuş Azərbaycan xalqının Ümummilli Lideridir. Onun fəaliyyəti sayəsində müstəqil Azərbaycanın bugünkü dövlətçilik əsasları formalaşdırılmış, respublikanın milli dövlətçilik, siyasi sabitlik, sosial rifah və mədəni-mənəvi dirçəliş istiqamətində geniş təməli qoyulmuşdur.
Sovet dövründə — 1969–1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında respublikada geniş sənaye və infrastruktur layihələri həyata keçirilmiş, neft sektorundan başqa sahələrdə — kənd təsərrüfatı, sənaye istehsalı, tikinti və sair sahələrin inkişafı sürətlənmişdir. Onun dövründə Azərbaycanda sənaye müəssisələrinin sayı artmış, iqtisadiyyat modernləşmiş, əmək məhsuldarlığı və gəlirlər yüksəlmişdir. Bu, yalnız sovet dövrünün deyil, müstəqillik dövrünün iqtisadi əsaslarının formalaşması üçün də zəmin yaratmışdır.
Müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə müasir Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Bu, ölkənin hüquqi-siyasi əsaslarının möhkəmlənməsi baxımından çox önəmli idi. Eyni zamanda, plüralist siyasi sistemin formalaşması, mətbuatın, milli, müstəqil medianın təşəkkülü istiqamətində addımlar atılmış, söz və informasiya azadlığına önəm verilmişdir. Bu siyasi islahatlar sayəsində Azərbaycan dövləti yalnız adətən formalaşmış yox, həm də hüquqi, institusional bazaya malik olmuşdur.
Heydər Əliyev “Azərbaycançılıq” ideyasını milli kimlik, milli ruh, tarixi yaddaş və mədəni dəyərlərin bərpası və qorunması prizmasından önə çəkmişdir. Onun təşəbbüsü ilə tarixi memarlıq və mədəni irs abidələrinin qorunması üçün addımlar atılmışdır. Eyni zamanda, Ulu Öndər təhsil, elm və mədəniyyət sahələrinin inkişafına böyük önəm vermişdir.
Heydər Əliyev sosial rifah, vətəndaşların sağlamlıq, sosial müdafiə və mənafeyinin təminatı kimi məsələləri prioritetə çevirərək, “sosial dövlət” modelinin əsaslarını qoymuşdur. Bu modelin təməli onun dövründə formalaşmış və müstəqillik illərindən hal-hazırki dövrə kimi davam etdirilmişdir.
Ümummilli Liderin dövründə və sonrakı illərdə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi güclənmiş, ölkəmizin strateji mövqeyi nəzərə alınaraq balanslı və müstəqil xarici siyasət xətti formalaşdırılmışdır. Bu siyasət müasir dövrdə Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzlu aktor kimi tanınmasına imkan yaratmışdır. Onun siyasəti nəticəsində yaradılmış sosial, iqtisadi, mədəni, hüquqi və institusional baza müasir Azərbaycanın dayanıqlı və inkişaf edə bilən dövlətə çevrilməsində əsas rol oynamışdır.
“Azərbaycançılıq” ideologiyası və milli kimlik, milli ruhun bərpası prosesləri xalq arasında böyük özünüdərkin yaranmasına, milli mənlik şüurunun bərpa edilməsinə xidmət etmiş, yeni nəsillərin formalaşmasına şərait yaratmışdır. Ulu Öndərin Elm, təhsil və mədəniyyətə verdiyi önəm sayəsində Azərbaycanın intellektual potensialı artmış, gənc kadrların formalaşdırılması həyata keçirilmiş, cəmiyyətin maariflənməsi istiqamətində mühüm addımlar atılmışdır. Onun ideyaları, siyasi kursu və dövlətçilik modeli bu gün müstəqil Azərbaycanda uğurla davam etdirilir.
Beləliklə, Heydər Əliyevin irsi nəinki onun dövründə xalqımıza və dövlətimizə xidmət etdi, həm də gələcək nəsillərə, müasir, müstəqil, milli dövlət ideyaları ilə yaşamağı seçmiş ölkəyə miras qaldı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş qanunlar, dövlət strukturlarının formalaşması, mədəni və dövlətçilik irsinin qorunması, milli dəyərlərin təşviqi müstəqil Azərbaycanın gələcək inkişafını təmin edən möhkəm təməl oldu. Bugünkü modern Azərbaycanın sosial rifah, stabil iqtisadiyyat, beynəlxalq nüfuz, mədəni zənginlik və milli kimlik baxımından formalaşmasında Heydər Əliyevin tarixi rolu danılmazdır. Onun ideyaları və dövlətçilik prinsipləri bu gün də yaşadılır, inkişaf edir və yeni nəsillərə ötürülür. Bu baxımdan Heydər Əliyev yalnız tarixi şəxsiyyət deyil, həm də müasir Azərbaycan dövlətinin memarıdır".
Əməkdar jurnalist Mətanət Ağamirli:
"Bu suala cavab vermədən öncə müəyyən paralellər aparmaq istərdim. Dünyanın müxtəlif ölkələrində dövlətçilik irsini formalaşdırmış liderlər var ki, onların yaratdığı siyasi ənənələr həmin xalqların taleyində həlledici rol oynayıb. ABŞ-da Corc Vaşinqton, Türkiyədə Mustafa Kamal Atatürk, Cənubi Koreyada Pak Çon Hi, Sinqapurda Li Kuan Yu kimi liderlər bu gün də öz ölkələrinin dövlətçilik düşüncəsini, inkişaf modelini müəyyənləşdirən simalardır. Onların yaratdığı dövlətçilik irsi sadəcə tarixi xatirə deyil, həmin millətlərin yol xəritəsi, gələcək davranış kodudur. Azərbaycan da bu siyahıda özünəməxsus yeri olan ölkələrdən biridir. Çünki hər xalqın taleyində dövlətçilik ənənəsi yaranmır; bu gün dünyada elə xalqlar var ki, yüz illərdir öz dövlətini qurmaq arzusu ilə yaşasa da, dövlətçilik irsindən tamamilə məhrumdur. Azərbaycan xalqı isə həm tarixi dövlətçilik ənənələrinə, həm də yeni dövrün tələblərinə cavab verən modern dövlətçilik irsinə sahibdir.
Məhz bu irsin yeni mərhələsini Ümummilli lider Heydər Əliyev formalaşdırdı. Onun siyasi və dövlətçilik irsi bu gün Azərbaycan cəmiyyətinə əsasən belə bir mesaj verir: dövlət yalnız siyasi hakimiyyət deyil, həm də xalqın birliyinin, milli kimliyinin və gələcəyə inamının daşıyıcısıdır. Heydər Əliyevin müəyyən etdiyi yol göstərir ki, güclü dövlət ideyası yalnız təhlükəsizliyə deyil, həm də inkişaf, mədəni özünüdərk, sabitlik və milli həmrəyliyə söykənməlidir. Məncə, bu irs Ulu Öndərin cəmiyyətə, müstəqilliyin qorunmalı, davam etdirilməli və yenilənməli olan strateji dəyər kimi mesajdır".
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Günel Aslanlı:
"Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik irsi bu gün Azərbaycan cəmiyyətinə hansı əsas mesajı verir. Heydər Əliyevin irsi, Ulu öndər siyasəti bizə müstəqil, müasir, hüquqi Azərbaycanı yadigar qoyubdur. Müstəqillik yalnız tarixi şans deyil, hər nəslin üzərinə düşən ağır məsuliyyətdir. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti göstərdi ki, dövlətçilik emosiyalarla deyil, peşəkar idarəçilik, dəqiq qərarlar və strateji düşüncə ilə qorunur.
Heydər Əliyev irsinin mərkəzində Milli birlik və azərbaycançılıq ideyası dayanır – yəni etnik, milli, dini fərqlərdən asılı olmayaraq, hər kəsin vahid Azərbaycan dövlətinin vətəndaşı kimi birlik içərisində yaşaması. Bugünkü möhkəm təmələ söykənən dövlətçiliyin fövqündə daxili qarşıdurma yox, milli həmrəylik ideyası dayanır.
Ulu öndərin siyasi kursunun məqsədi hüquqi, dünyəvi və sivil dövlət bərqərar etmək idi. Bugün bu irs nəticəsində müasir Azərbaycan hüquqa söykənən, dünyəvi və milli-mənəvi dəyərləri qoruyan dövlət modeli kimi beynəlxalq aləmdə tanınır. Heydər Əliyevin strateji düşüncəsi, gələcəyə hesablanmış uzunmüddətli siyasi baxışları, qəbul etdiyi bir çox qərarlar – enerji strategiyası, regional və beynəlxalq əməkdaşlıq xətti və s. milli maraqları qoruyan strateji addımlar idi.
Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik irsinin bu gün Azərbaycan cəmiyyətinə verdiyi ən mühüm mesajı bununla ümumiləşdirilə bilər ki, müstəqil dövlətin qorunması, milli həmrəyliyin saxlanması, qanunun aliliyi və strateji düşüncəli idarəçilik hər bir azərbaycanlının şəxsi və ictimai məsuliyyətidir".
Tibb üzrə fəlsəfə doktoru, dosent, YAP-ın üzvü Afət Həsənova:
"Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik irsi bu gün Azərbaycan cəmiyyətinə başlıca olaraq güclü dövlətçilik ənənələrinə sədaqət, milli maraqların qorunması və dayanıqlı inkişaf strategiyasına bağlılıq mesajını verir. Onun formalaşdırdığı idarəetmə modeli göstərir ki, dövlətin modernləşməsi yalnız iqtisadi islahatlarla deyil, həm də milli özünüdərkin möhkəmlənməsi ilə mümkündür. Heydər Əliyev irsi cəmiyyətə dövlətçiliyi bir tarixi miras kimi deyil, dinamik şəkildə yenilənən strateji xətt kimi qəbul etməyi öyrədir. Bu irs bu gün də Azərbaycanın siyasi sabitliyi, təhlükəsizlik konsepsiyası və müasir inkişaf kursu üçün nəzəri-praktik bazadır. Heydər Əliyevin qurduğu yol bir daha sübut edir ki, güclü Azərbaycanı ancaq məqsədyönlü siyasət, uzaqgörən liderlik və xalqın iradəsi yaşada bilər. Bu, həm də bu gün hər bir vətəndaşa ünvanlanan çağırışdır: ölkəmizi qoruyaq, inkişaf etdirək və onun gələcəyinə sahib çıxaq".
Pərvanə Fərhadqızı
QHT.az