Bakı, 11 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərini nəzərdən keçirib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunması və digər məsələlərlə bağlı olub. Şöbə müdiri Fərid Nəcəfov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Görüş zamanı şöbə müdiri dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonra Fərid Nəcəfov Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollektivi ilə görüşüb. Görüşdə muxtar respublikada kənd təsərrüfatının inkişafına dövlət dəstəyi tədbirləri, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar, subsidiyaların verilməsinin elektronlaşdırılması, iş prosesinin təşkili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.