Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatların (PUA) gecə saatlarında Rusiya ərazisinə həyata keçirdiyi hücum nəticəsində Veliki Novqoroddakı “Acron” mineral gübrə zavodunun ərazisində yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Astra” məlumat yayıb. Bildirilir ki, müəssisə həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilən ammonium selitrası da daxil olmaqla müxtəlif gübrə növlərinin istehsalı ilə məşğuldur.
Məlumata görə, Ukrayna eyni zamanda Smolensk vilayətinin Doroqobuj şəhərinə də zərbə endirib. Hədəf gübrə istehsalı ilə məşğul olan və “Acron” qrupu ilə əlaqəli olan digər bir müəssisə olub. Ukrayna mənbələri, xüsusilə Exilenova+ teleqram kanalı iddia edir ki, hücum zamanı Doroqobujdakı zavodla yanaşı yerli istilik-elektrik stansiyası da zədələnib.
Moskva üzərində gecə saatlarında baş verən PUA hücumları səbəbindən şəhərin dörd əsas hava limanı müvəqqəti olaraq bağlanıb. Rosaviatsiyanın məlumatına görə, artıq məhdudiyyətlər aradan qaldırılıb, lakin gecə ərzində 200-dən çox reys təxirə salınıb və ya ləğv edilib. Moskva meri Sergey Sobyanin bildirib ki, paytaxt istiqamətində uçan 32 dron hava hücumundan müdafiə vasitələri tərəfindən vurularaq məhv edilib.
