AZ

Mərkəzi Bank uçot dərəcəsini niyə azaltdı?

Mərkəzi Bank (MB)  faiz dəhlizinin bütün parametrləri ilə bağlı növbəti qərarını açıqlayıb. Qərara əsasən, faiz stavkası 0,25 faiz-bənd azaldılıb. Belə ki, uçot dərəcəsi 6,75 faiz, faiz dəhlizinin aşağı həddi 5,75 faiz, dəhlizin yuxarı həddi isə 7,75 faiz səviyyəsinə endirilib. Bu, Mərkəzi Bankın oktyabr ayında  elan etdiyi uçot dərəcələri ilə müqayisədə faiz dərəcəsinin azaldılması deməkdir. Belə ki, MB-nın bundan əvvəlki qərarına əsasən, uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8 faiz səviyyəsində müəyyənləşmişdi. Yeni qərardan sonra bank, maliyyə və kredit sektorunda daha yumşaq kredit siyasəti təmin olunacaq.

İnflyasiya proqnozlaşdırılan hədəf daxilindədir

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Bu nöqteyi-nəzərdən MB faiz dəhlizi ilə bağlı qərarı qəbul edərəkən ilk növbədə ölkəmizdəki faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2 faiz) ilə uzlaşmasına, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyətə, daxili makroiqtisadi meyillərə, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətlərinə istinad edib.

Aparılmış təhlillərə görə, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir. 2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5,9 faiz təşkil edib. İllik baza inflyasiya isə 5 faiz olub. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir. Yəni, istehlak qiymətləri indeksi üzrə mövcud ssenarilər qənaətbəxş sayıldığından MB faiz endirimini riskli addım hesab etmir. 

Faiz dəhlizinə təsir edən digər bir amil valyuta bazarındakı fraqmentasiyalardır. MB-nin tədqiqat bloku tərəfindən aparılan qiymətləndirmələrə görə, cari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabil qalır. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 milyon dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2,1 faiz-bənd azalaraq noyabrda 29 faizə enib. Məzənnə ilə bağlı gözləntilər də  nikbindir. Belə bir şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4,3 faiz artaraq 11,4 milyard dollara çatıb.

Valyuta bazarında göstəricilər əlverişli olaraq qalır

Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Ötən aylarda ölkəmizin tədiyə balansının cari əməliyyatlar balansında 3 milyard dolları və ya ÜDM-in 5,4 faizi məbləğində profisit formalaşıb. Əməliyyatlar balansının profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib. Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərən müsbətdir. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Beləliklə, bu amil də faiz dərəcələrinin endirilməsinə əhəmiyyətli dərəcədə əsas verir. 

Pul siyasəti alətlərinə gəlincə, ötən aylarda maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi müşahidə edilib. Maliyyə Nazirliyinin depozit hərraclarının davam etməsi bank sistemində likvidliyə artırıcı təsir göstərməkdə davam edir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib. AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6,89 faiz, noyabrda 6,91 faiz, dekabrın ötən dövründə isə 6,94 faiz olub. Mərkəzi Bank əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb. Göründüyü kimi, MB-nın ötən iclasından keçən ay yarımlıq dövrdə depozit və kredit faizlərində əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.

Anti-inflyasiya tədbirləri diqqətdə saxlanılacaq

Mərkəzi Bank dekabrın qalan iki ongünlüyü dövründə daxili bazar proseslərində ciddi mühüm dəyişikliklər gözləmədiyini fərz edir. Xüsusilə də, inflyasiya təhdidləri üçün əsaslı fundamental rıçaqların ortaya çıxacağı nəzərə çarpmır. Noyabr ayı və dekabrın birinci ongünlüyündə inflyasiya riskləri balansında baş verən dəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyini göstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif - xərc amilləri hesabına formalaşmaqdadır. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır. Baza ssenariyə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

Bütün bunlara rəğmən, Mərkəzi Bank qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəyini bəyan edir. Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar bu prosesə cəlb edəcək. 2026-cı ildə inflyasiya ilə mübarizə strategiyası çərçivəsində əvvəlki kursa uyğun addımlar atılacaq, inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə və real  gəlirlərinə mənfi təsirlərinin azaldılması əsas vəzifələrdən biri kimi xüsusi diqqət mərkəzində saxlanılacaq.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək.

ELBRUS CƏFƏRLİ

Seçilən
7
7
yeniazerbaycan.com

10Mənbələr