AZ

Kamboca ilə münaqişədə həlak olan tailandlı hərbçilərin sayı 9 nəfərə çatıb

Bakı, 11 dekabr, AZƏRTAC

Kamboca ilə sərhəddə baş verən döyüşlər nəticəsində Tailand hərbçiləri arasında ölənlərin sayı 9 nəfərə çatıb, 120 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, Sinxua agentliyi bu barədə Tailandın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Məlumata görə, toqquşmalar səbəbindən təxminən 200 min tailandlı evlərini tərk etmək məcburiyyətində qalıb, üç mülki şəxs isə ölüb.

Xatırladaq ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Dekabrın 9-da Tailand Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Oddar-Miençey əyalətinin inzibati mərkəzi Samrounq şəhərini bombalayıb. Hava hücumları nəticəsində yaşayış binalarına və infrastruktur obyektlərinə ciddi zərər dəyib. Kamboca ordusu isə döyüşlər zamanı Tailand ərazisinə BM-21 raketləri atıb və kamikadze dronlarından istifadə edib.

 

Seçilən
46
azertag.az

1Mənbələr