AZ

Tarix yaradan şəxsiyyət

Yazını böyüt
Yazını kiçilt

12 Dekabr – bu gün adı Azərbaycan dövləti, xalqı ilə birlikdə çəkilən Ulu Öndər Heydər Əliyevin Anım Günüdür. Bu gün xalqımız o böyük tarixi şəxsiyyətin hazırladığı yol xəritəsinə uyğun olaraq, özünün dövlət müstəqilliyinə, ərazi bütövlüyünə qovuşub. Bu gün Heydər Əliyevin böyüklüyü, şəxsiyyəti, əməlləri Azərbaycanın bütöv panoramasında özünü göstərir.

Ulu Öndər Azərbaycan sovet sosialist sisteminin yumşaq buxovları altında qalarkən dövlətin siyasi, mədəni, iqtisadi bazasının təməlini gələcəyə, müstəqilliyə hesablanan möhkəm özüllər üzərində qurmağı bacardı. Azərbaycanın paytaxtından tutmuş, digər şəhər və kəndlərimizin inkişaf panoramasında Ulu Öndərin qızıl imzası bu gün də görünür. Təbii ki, SSRİ kimi nəhəng bir məkana rəhbərlik edənlərin sərvətlərimizi taladığı bir vaxtda, kiçik bir dövlətin başında durub onun mədəniyyətini, dilini, dinini qorumaq asan iş deyildi. Məhz Ulu Öndər özünün böyük zəkası, siyasi, diplomatik bilikləri, gedişləri ilə bunu edə bildi. Daim Azərbaycanın tam müstəqil bir dövlət kimi yenidən doğulacağına, möhkəmlənəcəyinə inandı.

Ulu Öndərin birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində misilsiz rol oynadı. Məhz həmin tarixdən başlayaraq, respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu. Hazırlanan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Ümumiyyətlə, ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı. Ümummilli Lider hələ o illərdə Azərbaycanın bugününü qururdu.

1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən yüksəkixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi, səyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. Ulu Öndər Heydər Əliyevin milli tərəqqi – Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı yolundakı tarixi xidmətlərinin təhlili göstərir ki, mənəvi-ideoloji və siyasi prinsipə xidmət edən siyasi islahatların aparılması ölkənin gələcək inkişaf strategiyasına hesablanıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri ölkədən kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin, 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə azərbaycanlının yüksək ixtisaslı mütəxəssis kimi hazırlanması həyata keçirilməsidir. Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi onu bütün dünya azərbaycanlılarının liderinə çevirib.

1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət quruculuğunun hüquqi bazasının yaradılması mühüm yer tutur.

Bu gün Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Prezident İlham Əliyevin dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir.

Otuz il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edir.

 “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdi.

Məlumdur ki, başlanğıcda yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər var idi. Daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmirdilər. Buna görə də ölkədə sabitliyi pozmağa, karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə xarici investisiyaların cəlb olunmasının qarşısını almağa çalışırdılar.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində bütün bədxah ssenarilər puç oldu və müstəqil Azərbaycanın gələcək inkişafına hesablanan yeni neft strategiyasının möhkəm təməli qoyuldu.

Azərbaycan müstəqil, suveren, əraziləri bütövdür. Ruhun şad olsun, Ulu Öndər!..

Tahirə Qafarlı

Seçilən
14
hafta.az

1Mənbələr