AZ

Məhkəmə ekspertizası sahəsində dövlət tənzimləməsinin səmərəliliyi artırılacaq, vahid standartlar hazırlanacaq

Bakı, 11 dekabr, AZƏRTAC

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”da məhkəmə ekspertizası sahəsində dövlət tənzimləməsinin səmərəliliyinin artırılması, yəni normativ hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə fəaliyyətin rəqəmsallaşdırılması, keyfiyyət təminatı sisteminin yaradılması və vahid standartların hazırlanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, Konsepsiya özəl məhkəmə ekspertlərinin səmərəli fəaliyyətinin, məhkəmə ekspertizası idarələrinin kadr potensialının və məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, maliyyə dayanıqlılığının təmin edilməsini ehtiva edir.

Konsepsiyanın məqsədlərinə Azərbaycanda məhkəmə ekspertizası sahəsinin qabaqcıl beynəlxalq standartlara və müasir çağırışlara uyğun təşkil edilməsi, ekspert rəylərinin keyfiyyətinin artırılması, insanların hüquq və azadlıqlarının etibarlı təmin olunması, ədalət mühakiməsinin çevik və səmərəli aparılmasına nail olmaq daxildir.

Konsepsiyanın prioritet istiqamətlərinə məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətində keyfiyyət təminatı sisteminin yaradılması və ayrı-ayrı növ məhkəmə ekspertizalarının aparılması sahəsində vahid standartların müəyyən olunması daxildir. Konsepsiyada bununla yanaşı, məhkəmə ekspertizası fəaliyyətinin rəqəmsallaşdırılması, özəl məhkəmə ekspertlərinin səmərəli fəaliyyətinin təmin edilməsi, məhkəmə ekspertizası idarələrinin kadr potensialının və məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, infrastrukturunun, maddi-texniki təminatın gücləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 11-də “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Seçilən
81
azertag.az

1Mənbələr